AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın yeni mövsümünün V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Ölkə çempionatının “Sumqayıt” – “Araz Naxçıvan” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan təmsilçisi 700 manat cərimə edilib.
“Şamaxı” – “Neftçi” görüşü bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibləri 800 manat ziyana düşüb.
“Kəpəz” komandasının “Sabah”la matçından sonra meydançaya kənar şəxs daxil olduğuna görə Gəncə klubu 800 manat cərimə olunub.
Turun son oyunu olan “Zirə” – “Qarabağ” qarşılaşmasının 29-cu dəqiqəsində “qartallar”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.