AZ

Əcnəbi tələbə: “UNEC-in ikili diplom proqramı beynəlxalq səviyyədə təhsil almağım üçün mükəmməl fürsət oldu”

2023-2024-cü tədris ilindən UNEC ilə Türkiyənin Ege Universiteti arasında “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramına qəbul həyata keçirilir.
 
Bu il ilk dəfə olaraq, proqrama yerli tələbələrlə yanaşı, xarici vətəndaş da qəbul olub. İkili diplom proqramına qəbul olan Türkiyə vətəndaşı Ali İzzet Kaya UNEC-i seçmə səbəbini, eləcə də proqramdan gözləntiləri barədə fikirlərini bölüşüb.
 
- Ali, sizi təbrik edirik, UNEC tələbəsi adını qazanmısınız. Bilmək istərdik ki, UNEC hansı xüsusiyyətləri ilə sizi cəlb etdi?
 
-Mən Türkiyə vətəndaşı olsam da, Azərbaycanda doğulmuşam və 7-ci sinifə qədər Bakıda təhsil almışam. Sonradan müəyyən səbəblərə görə ailəmlə birlikdə Türkiyəyə köçdük. Məktəbdə oxuduğum dövrdən UNEC-ə marağım var idi. Türkiyəyə köçəndən sonra da bu universitetdəki yenilikləri izləyirdim və tələbələr üçün daima yeni imkanlar yaradıldığını görə bilirdim. O səbəbdən də uşaqlıq arzumu reallaşdırmağa qərar verdim.
 
-Qəbul olduğunuz ikili diplom proqramının məhz Türkiyə universiteti ilə reallaşdırılması seçiminizə təsir etdimi?
 
-UNEC-lə yanaşı, Türkiyədə də təhsil ala bilmək imkanı əlbəttə ki, seçimimə təsir etdi. Hər iki ölkə mənim üçün çox doğmadır. UNEC-in yaratdığı imkan mənim beynəlxalq səviyyədə təhsil almaq, iki ölkənin tədris imkanlarından faydalanmaq, fərqli mühitlər görmək istəyimi reallaşdırmaq üçün mükəmməl bir fürsət oldu.
 
Onu da qeyd edim ki, proqramın məhz qida təhlükəsizliyi ixtisası ilə bağlı olması da seçimimdə önəmli rol oynadı. Uşaqlıqdan bəri qida məhsullarının hazırlanması və onların insanların sağlamlığı baxımından necə əhəmiyyətli olduğunu müşahidə etmişəm. Bu marağım zamanla artmağa başladı və insanların daha sağlam, təhlükəsiz qidalarla təmin olunmasında iştirak etməyə, bir sözlə, bu sahə üzrə peşəkar mütəxəssis olmağa qərar verdim. Düşünürəm ki, əldə edəcəyim bilik və bacarıqlarla insan həyatı, sağlamlığı üçün çox önəmli rol oynayan təhlükəsiz qidaların hazırlanması, bu istiqamətdə problemlərin həllinə töhfələr verə biləcəm.
 
-Proqramdan gözləntiləriniz nədir?
 
- Proqramın şərtlərinə görə, I və IV kursları UNEC-də, II və III kursları isə Ege Universitetində oxuyacam. Bu şərtlər imkan verir ki, baza biliklərinə UNEC-də, ixtisas fənlərinə isə Ege Universitetində yiyələnim. UNEC-də qida təhlükəsizliyi ilə bağlı çox müasir laboratoriyaların olduğunu da bilirəm. Nobel mükafatçısı Aziz Sancar adına Qida Təhlükəsizliyi laboratoriyasının açılışı ilə bağlı xəbərləri izləyirdim. Düşünürəm ki, hər iki ölkənin aparıcı universitetlərində alacağım təhsil, eləcə də beynəlxalq təcrübə mənim üçün geniş imkanları açacaq və karyeramda böyük bir addım olacaq.
 
- Tələbəlik həyatınızı necə görürsünüz?
 
- Fəal tələbə həyatı yaşamaq istəyirəm. Müxtəlif tələbə təşkilatlarına qatılmaq, layihələrdə iştirak etmək, akademik və sosial fəaliyyətlərdə aktiv olmaq mənim üçün çox önəmlidir. Təhsil aldığım dövrdə bütün imkanlardan yaralanmağı düşünürəm.
Seçilən
162
32
moderator.az

10Mənbələr