Bolqarıstanın ən böyük rusiyapərəst partiyası olan "Dirçəliş” ölkəni Avropa İttifaqından çıxmağa və Rusiyanın aparıcı təsir gücünə malik olduğu BRICS-ə üzv olmağa çağırıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Euractiv” nəşri
Çərşənbə günü parlamentdə "Dirçəliş” ölkənin avro zonasına üzvlüyünü ən azı 2043-cü ilə qədər təxirə salmaq üçün referendum keçirməyə çağırıb.
"Dirçəliş”in dəstəyinə baxmayaraq, Bolqarıstan Sosialist Partiyası və populist "Belə bir xalq var” partiyası, Avropayönlü GERB, "Dəyişikliyə davam edirik” – Demokratik Bolqarıstan” və "Hüquq və azadlıqlar naminə Hərəkat” Bolqarıstanın Aİ-yə tam inteqrasiyasını pozmaq təklifini rədd ediblər.
Müzakirələr oktyabrın 27-də keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Bolqarıstan siyasətində rusiyayönlü qüvvələrin dezinformasiya yaymaq cəhdindən xəbər verir.
"Dirçəliş”in lideri Kostadin Kostadinov Bolqarıstanın Aİ və NATO-dan çıxmasını birbaşa çağırışına qədər gedib. "Əgər gələcəyə sahib olmaq istəyiriksə, bu formatda Aİ və NATO kimi ölmüş strukturlarda yerimiz yoxdur, əgər Aİ islah olunmasa, biz onu tərk etməliyik, çünki onunla ölməyəcəyik”, - Kostadinov bildirib.
Bolqarıstanın Rusiyayönlü radikal "Dirçəliş” partiyası Almaniyanın "Almaniya üçün alternativ”i ilə birlikdə Avropa Parlamentində suverenist qrupun yaradıcılarından biridir.
"Dirçəliş”in yeni seçkiqabağı tezisi ondan ibarətdir ki, Bolqarıstan BRİKS-ə üzv olmalıdır və partiya bu təşkilatın forumlarına öz nümayəndələrini göndərməyə başlayıb.
Sofiyadakı məmurların hədəfi ən geci 2025-ci ilin ortalarına qədər Bolqarıstanın avro zonasına daxil olmasıdır.
Əksər ekspertlər ölkədə davam edən siyasi böhran səbəbindən 2026-cı ilin 1 yanvarını real tarix hesab edirlər. Son sorğulara görə, bolqarlar avronun dövriyyəyə buraxılması məsələsində yarıya bölünüblər və əsas qorxu qiymətlərin artmasıdır.
"Dirçəliş”in deputatı Tsonço Qanev bildirib ki, bolqar xalqından avrozonanın bir hissəsi olmaq istəyib-istəmədiklərini soruşmaq lazımdır. O, bəyanatını təsdiqləyən faktlara istinad etmədən, BRICS-in Qərb ölkələrindən daha zəngin bir "klub” olduğu ilə izah edib.
Dünya Bankının son məlumatları Bolqarıstanın adambaşına düşən ÜDM-nin neftlə zəngin BƏƏ istisna olmaqla, istənilən BRIKS ölkəsindən yüksək olduğunu göstərir, baxmayaraq ki, Bolqarıstan hələ də Aİ-də adambaşına düşən ÜDM-in ən aşağı səviyyəsinə malikdir. /Qaynarinfo/