Bakı, 6 sentyabr, AZƏRTAC
“Hər bir insanın sağlam ətraf mühitdə yaşamaq hüququ var. Həmin hüquqla bağlı olan bütün təməl prinsiplər insan sağlamlığının qorunması ilə birbaşa bağlıdır. İqlim dəyişikliyi son nəticədə insanın normal yaşam imkanlarına mane olur. Odur ki, dünyada gedən çağırışlara hüquq ictimaiyyətinin diqqətini cəlb etməklə bu məsələnin həllinə hüquqşünas olaraq töhfəmizi verməliyik”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədr müavini, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə müsahibəsində deyib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu və noyabrda Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladan S.Hacıyev fikirlərinə belə davam edib: “COP çərçivəsində bir sıra hüquqi sənədlər qəbul olunub. Hüquqla iqlim daim kəsişən mövzulardır. İqlim dəyişikliyi bir çox hallarda insan hüququnun pozulması ilə nəticələnir. Hüquq və dünya ictimaiyyətinin, elm adamlarının iqlim dəyişikliyi ilə insan hüquqlarının kəsişməsinə dair məsələlər barəsində məlumatlılığının artırılması, eyni zamanda, dünya ictimaiyyətinin iqlim və hüquq mövzusuna cəlb olunması məqsədilə “Hüquq və iqlim” mövzusunda konfransı ərsəyə gətirdik. Konfransda dünyanın bir sıra ölkələrindən iqlim, hüquq sahəsindən ekspertlər iştirak edir. İyirmiyə yaxın ölkədən mütəxəssislər, Ali Məhkəmənin hakimləri iştirak edir. İnanırıq ki, konfrans hüquq ictimaiyyəti üçün çox faydalı olacaq”.
Qeyd edək ki, Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfrans keçirilir.