AZ

İqlim dəyişikliyi bir çox hallarda insan hüququnun pozulması ilə nəticələnir - Hakimlər İttifaqının sədr müavini

Hər bir insanın sağlam ətraf mühitdə yaşamaq hüququ var. Həmin hüquqla bağlı olan bütün təməl prinsiplər insan sağlamlığının qorunması ilə birbaşa bağlıdır. İqlim dəyişikliyi son nəticədə insanın normal yaşam imkanlarına mane olur. Odur ki, dünyada gedən çağırışlara hüquq ictimaiyyətinin diqqətini cəlb etməklə bu məsələnin həllinə hüquqşünas olaraq töhfəmizi verməliyik.

Olaylar xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədr müavini, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu və noyabrda Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyini xatırladan S.Hacıyev fikirlərinə belə davam edib:

"COP çərçivəsində bir sıra hüquqi sənədlər qəbul olunub. Hüquqla iqlim daim kəsişən mövzulardır. İqlim dəyişikliyi bir çox hallarda insan hüququnun pozulması ilə nəticələnir. Hüquq və dünya ictimaiyyətinin, elm adamlarının iqlim dəyişikliyi ilə insan hüquqlarının kəsişməsinə dair məsələlər barəsində məlumatlılığının artırılması, eyni zamanda, dünya ictimaiyyətinin iqlim və hüquq mövzusuna cəlb olunması məqsədilə "Hüquq və iqlim" mövzusunda konfransı ərsəyə gətirdik. Konfransda dünyanın bir sıra ölkələrindən iqlim, hüquq sahəsindən ekspertlər iştirak edir. İyirmiyə yaxın ölkədən mütəxəssislər, Ali Məhkəmənin hakimləri iştirak edir. İnanırıq ki, konfrans hüquq ictimaiyyəti üçün çox faydalı olacaq".

Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə "Hüquq və iqlim" mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.

Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.

Konfransda "İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri", "Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə", "İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri", "İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst" və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
121
2
olaylar.az

3Mənbələr