AZ

Əsrlərin neft çırağının dayanıqlı siması -Balaxanı

“Tarix özünü təkrarlayır”. Zərb-məsələ çevrilən bu fikir, adətən, keçmişin dərslərini öyrənməyin vacibliyini xatırladır. Bu fikrin müəllifi, amerikalı filosof Corc Santayana isə zəmanəsinin kontekstinə dərin bələd birisi kimi “tənqidi realizmi” tarixi nəzərə almadan təsəvvür etmirdi. Bəşəriyyət bu ilin sonu Azərbaycanda “ekzestensial təhdid” kimi qəbul etdiyi iqlim dəyişikliyi ilə bağlı vəziyyəti COP29-da nəzərdən keçirərkən, filosofun “kontekst”  qeydi həmişəkindən daha aktual səslənəcək.   

Son 29 ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına bir neçə dəfə neft və qaz hasilatı həyata keçirən ölkələr ev sahibliyi ediblər, o cümlədən 2012-ci ildə Qətər, 2023-cü ildə Birləşmiş Ərəb Əmirlikləri, bu il isə Azərbaycan.  Bu, öz növbəsində, hər dəfə  iqlim dəyişikliyi mövzusunda neft-qaz hasil edən ölkələrin mövqe səmimiliyində şübhə yaradan tənqidlərə səbəb olub. Etiraf etməliyik ki, ictimai müzakirələrdə hasilat şirkətlərinin iqlimin gələcəyi ilə bağlı mövqeyinin zəif səslənməsi məsələdə onların həqiqətini anlatmır.

İnsanlar Yer üzündə minilliklərlə yaşasa da, bəşəriyyətin inkişafının ən sürətli dönəmi sənaye inqilabı ilə başlamışdır və bu inqilabi inkişafda neftin sənaye üsulu ilə hasilatı xüsusi rol oynamışdır. “Balakhani Operating Company LTD” tərəfindən neft-qaz hasilatı həyata keçirilən Abşeron yarımadasındakı yataqlar məhz belə tarixin nümunəsidir.

Balaxanı, Suraxanı kimi ərazilər Azərbaycanın ən qədim neft rayonuna daxildir. Hələ XIII əsrdə coğrafiyaşünas Məhəmməd Nəcib Bəkran “Cəhannamə” əsərində yazırdı: “Neft bir yağdır ki, yerin altındakı quyulardan çəkilir və yaşıl, ağ və qara növləri olur…ağ neft Bakı və Muğan, qara neft isə Balaxanı ətrafında olur… ” Belə bir milli irsin işlənilməsi məsuliyyətli və dayanıqlı şəkildə istismar edilməlidir ki, Azərbaycanın rifahına və qlobal enerji təhlükəsizliyinə töhfə verməkdə davam etsin.

Azərbaycan nefti təkcə Vətənimizin xidmətində deyil, həmçinin geosiyasi risklərlə dolu dünyanın sabitliyinin qarantıdır. Neft-qaz hasilatı prosesi iqlim dəyişikliyinin sürətini azaltmağa çalışan Dayanıqlı İnkişaf Məqsədlərimizə uyğunlaşdırılmalıdır. Bu mənada neft şirkətlərinin üzərinə  düşən əsas iş – öz düşüncə və yanaşma tərzini dəyişməkdir. Biz anlamalıyıq ki, “dayanıqlılıq”, “ekoloji mühafizə”, “yaşıl strategiya”, “məsuliyyətli hasilat” kimi ifadələr xeyriyyə məqsədi daşımır, müasir dövrün biznes gerçəkliyini əks etdirir.

Beynəlxlaq Enerji Agentliyinin proqnozlarına görə, dünya ictimaiyyəti öz qarşısına qoyduğu 2050-ci il “net-zero” karbon emissiyası məqsədlərinə ən uğurlu şəkildə çatsa belə, qlobal enerji ehtiyacının önəmli qismini qarşılamaq üçün neft və qaz resurslarına hələ də ehtiyac olacaq.

Neft və qaz hasilatı ilə məşğul olan qlobal şirkətlər özlərini enerji şirkətləri kimi yenidən kəşf etdikləri halda, “Balakhani Operating Company LTD” gələcəkdə də Azərbaycanın ən qədim yataqlarından neft hasilatı irsini uğurla və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq qalaraq davam etdirmək niyyətindədir. Biz hasilatda innovasiya, səmərəli idarəetmə, ekoloji mühafizə standartlarını tətbiq etməklə ictimai rifahı irəli aparan sənayemizin “dayanıqlılıq lideri”nə çevrilməyi hədəfləmişik.

Qeyd olunmalıdır ki, “net-zero”  (sıfır xalis) karbon emissiya dedikdə insan fəaliyyəti nəticəsində atmosferə buraxılan ümumi istixana qazlarını (xüsusilə də karbon dioksid CO2) neytrallaşdıran və yaxud balanslaşdıran fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. Qlobal istiləşməni dayandırmaq və iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün bu mühümdür.

Burada çıxış yolu əməliyyatlarda daha innovativ həllərin istifadəsi ola bilər. O cümlədən metan emissiyasının azaldılması, alovlanmanın məhdudlaşdırılması, karbon qazlarının ambarlaşdırılması, əməliyyatların elektrikləşdirilməsi  və s.

Əlbəttə ki, hər bir neft şirkəti bu gündəmin həyata keçirilməsi üçün öz yollarını tapacaq. Lakin düşüncə tərzimizin iqlim dəyişikliyi gerçəkliyi altında formalaşması şirkətləri yalnız idarəetmə səviyyəsində deyil, bütün heyətlə bərabər müsbət həllərin axtarışına yönləndirəcək. Hazırda neft hasilatı sənayesi iqlim dəyişikliyi müzakirələrində müdafiəçi mövqedən pro-aktiv mövqeyə keçməlidir. Abşeron yarımadasında neft tarixi hasilat sənayesinin güclü beynəlxalq rəqabət ruhu ilə səciyyələndiyini göstərir. Bu dəfə rəqabət təkcə gəlirlər deyil, iqlim dəyişikliyinin sürətinin azaldılması naminə yaransa, biz neftçilər olaraq bütün dünyanı müsbət mənada təəcübləndirəcəyik.

Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, neftçi peşəsi ölkəmizdə həmişə hörmətli peşə olub- bu gün də belədir, sabah da belə olacaq. Ümummilli Lider Heydər Əliyevin imza əsərlərindən olan “Əsrin müqaviləsi” hasilatda beynəlxalq əməkdaşlığın müsbət tektonik dəyişikliklərə gətirdiyini bütün dünyaya nümayiş etdirdi.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29-da neft şirkətləri öz “kontekstlərini” həm yaxşı anlamalı, həm də anlatmalıdılar ki, bəşəriyyəti ən sürətli inkişaf dövrünə gətirən əmtəə - “qara qızıl” insanlara xidmət etməkdə davam etsin.

Rövşən Rzayev,
“Balakhani Operating Company LTD”nin prezidenti

Seçilən
161
5
ikisahil.az

6Mənbələr