AZ

“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

9 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

9 sentyabr beynəlxalq gözəllik günüdür:

 

Bu bayram ilk dəfə 1995-ci ildə Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) tərəfindən keçirilib. Komitə 1946-cı ildə Brüsseldə yaradılıb. Buna görə də dünyanın bir çox ölkələrində gözəllik müsabiqələri sentyabr ayında təşkil olunur. 

 

Xatırladaq ki, dünyada ilk gözəllik yarışı 1888-ci ildə Belçikada, ilk “Dünya gözəli” müsabiqəsi isə 1951-ci ildə Londonda keçirilib.

 

9 sentyabr 1911-ci il  dünyada ilk dəfə İngiltərədə aviapoçt xidməti meydana gəldi.

 

Bu gün rus yazıçısı, publisisti və filosofu Lev Tolstoyun doğum günüdür (1828–1910):

 

Müəllifi olduğu “Hərb və sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradıb. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutub. Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır.

 

9 sentyabr 1924-cü ildə astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, Əməkdar müəllim, professor Rəhim Hüseynov anadan olub.

 

1926-cı ilin bu günündə  Azərbaycanın ilk qadın pediatr alimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ədilə Namazova doğulub:

 

1971-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü, 1981-ci ildə əməkdar elm xadimi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə Rusiya Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olan Ə.Namazova 1965-ci ildən Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri vəzifəsində çalışıb. O, tədqiqatını əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr edib.

Seçilən
108
16
azedu.az

10Mənbələr