ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris seçkiqabağı debatda Ukraynadakı döyüşləri müzakirə ediblər.
Modern.az xəbər verir ki, Trampın iddiasına görə, o, hələ inauqurasiyadan əvvəl Rusiya-Ukrayna münaqişəsinə son qoya biləcək.
Harrisin fikrincə, Donald Tramp prezident olsaydı, Ukrayna artıq məğlub olardı. Aparıcı Donald Trampdan Ukraynanın qalib gəlməsini istəyib-istəmədiyini soruşub. Respublikaçılar Partiyasının namizədi cavabında bildirib ki, ABŞ üçün ən vacib məsələ münaqişəyə tamamilə son qoymaqdır.
“Mən müharibəni dayandırmaq istəyirəm. Mən milyonlarla insanı lüzumsuz şəkildə ölməkdən qurtarmaq, insanların həyatını xilas etmək istəyirəm”, - deyə Tramp söyləyib.
Ukraynadakı münaqişəni dəqiq necə bitirməyi planlaşdırdığı sualına cavab verən Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında danışıqları təşkil edəcəyinə söz verib.
“Biri ilə danışacağam, digəri ilə danışacağam, onları bir araya gətirəcəyəm” deyən Tramp iddia edib ki, o, prezident olsaydı, Rusiya heç vaxt Ukraynanı işğal etməzdi.
Kamala Harris isə cavab olaraq bildirib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, Ukrayna artıq uduzmuş olardı. O qeyd edib ki, Co Baydenin dövründə ABŞ Ukrayna tərəfinə kömək etmək üçün 50 ölkədən ibarət koalisiya yarada bilib.
“Əgər Tramp prezident olsaydı, Putin artıq Kiyevdə oturardı. Və bu təkcə Ukraynaya aid deyil. Ona görə də bütün yoldaşlarımız onun prezident olmamasına sevinirlər. Onun dostu Putin indiyə qədər onu naharda yeyərdi”, - deyə Harris əlavə edib.
Rusiya-Ukrayna münaqişəsi məsələsi Kamala Harrislə Donald Tramp arasında debatda mövzulardan biri olub. Birinci turda namizədlərin Amerika iqtisadiyyatını inkişaf etdirmək və miqrasiya böhranından çıxmaq planları müzakirə olunub. Yekun nitqində Donald Tramp ABŞ-ın “tənəzzüldə” olduğunu deyib və Kamala Harrisi “ölkə tarixindəki ən pis vitse-prezident” adlandırıb. Harris qeyd edib ki, Donald Tramp “keçmişdə ilişib”, özünün kampaniyası isə “gələcəyə fokuslanıb”.