Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan dövləti, onun silahlı qüvvələri bir sutka tamam olmamış düşməni dizə gətirməyi bacardı. Bizim oğullarımız, qardaşlarımız canla, başla düşmən üzərinə atıldılar, onlara dünyanın neçə bucaq olduğunu göstərdilər və bir sutka bitməmiş bölücü ermənilər təslim aktını imzalamağa hazır olduqlarını bəyan etdilər. Yəni sentyabrın 19-dan 20-nə keçən gün gerçəkləşdirilmiş antiterror tədbirləri bu baxımdan diqqət cəlb edir.
Paşinyana gəlincə, bu prosesdə əslinə qalanda faktiki olaraq oyundan kənar idi. Çünki proseslər Azərbaycan dövlətinin ərazisi daxilində gedirdi. Azərbaycan dövləti öz ərazisindəki bölücü və terrorçu ünsürlərə qarşı əməliyyat həyata keçirirdi və təbiidir ki, nə Paşinyan, nə də Ermənistan bu prosesə qatıla bilərdi və qatılmadılar, kənarda qalıb müşahidə etmək məcburiyyətində qaldılar. O baxımdan, mən bu məsələdə Paşinyanı artıq kənarda tutmağın tərəfdarıyam. Yəni Nikol Paşinyan, Ermənistanın baş naziri faktiki olaraq etməli olduğunu etdi, neytrallıq nümayiş etdirdi və Azərbaycan dövləti də çox qısa müddətdə antiterror tədbirlərini başa çatdırdı. Əlbəttə ki, ermənilər üçün bu bir dərs olmalıdır, özü də yüz illər, min illər davam edəcək bir dərs. Ağıllarını başlarına toplamalıdırlar və bilməlidirlər ki, Azərbaycanla, ümumiyyətlə, türklərlə bu gün üz-üzə gəlmək sonda onlar üçün çox böyük fəlakətə çevrilə bilir.