Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Millilərimiz turnirdə növbəti rəqibləri ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, mübarizəyə İordaniya, Finlandiya və Moldova üzərində qələbə ilə başlayan Azərbaycanın kişilərdən ibarət yığması IV turda Monteneqro ilə qarşılaşıb və 3:1 qələbə qazanıb.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov və Aydın Süleymanlı qalib gəlib, Rauf Məmmədov və Nicat Abasov heç-heçə edib.
Nikaraqua və Avstraliyanı məğlub edən, Argentina ilə isə heç-heçə edən qadınlardan ibarət komandamız isə Sloveniya ilə üz-üzə gəlib.
Olimpiadada Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqiblərini məğlub edib. Ülviyyə Fətəliyeva heç-heçəyə razılaşıb, Gülnar Məmmədovanın görüşü isə davam edir. Millinin kapitanı Mixail Şereşevskidir.