AZ

Ermənistan üzərindən Qərb-Rusiya "işbirliyi"…

İrəvanın ikili oyunu: gizlinlər üzə çıxır

Overçukun "rəqəmləri" yalan görüntünü tam dağıtdı…

Qonşularına qarşı qeyri-adekvat münasibət bəsləyən Ermənistanın ölkə olaraq məkrli və xəyanətkar xisləti heç kimə sirr deyil. Tarixin bütün dönəmlərində "çətiri altında" yaşadığı xalqa və ya ölkəyə qarşı xainlik edən, müttəfiqlərini yarı yolda qoyan, ən xırda korporativ işartıya belə boyun əyən ermənilərin müstəqillik qazandığı dövrdən bu yana Rusiyanın açıq təsir dairəsində yaşaması da danılmaz həqiqətdir. Sərhədlərini Rusiyanın qoruduğu, hətta dəmiryolu xətlərinin belə "Rusiya mülki" olduğu Ermənistan 2018-ci il "inqilabı"nın ardından "ikibaşlı" siyasət yürütməyə başladı –sözdə özünü Rusiyanın müttəfiqi "adlandıran" Ermənistan gizlin şəkildə Qərbin regiona yönəlik planlarının aləti olmağa hazır olduğunu "bəyan etdi". 2020-ci il Vətən müharibəsindən sonra Paşinyan hökuməti "düşmən" elan etdiyi, onlar yarı yolda qoymaqda ittiham etdikləri Rusiyaya qarşı açıq planda addımlar atmağa başladılar. Nəhayət, son 2 ildə bu münasibət pik həddə çatdı – Ermənistan KTMT-nin işində iştirakdan boyun qaçırdı, iki ölkənin dövlət rəsmiləri açıq kontekstdə söz duelinə çıxdılar. Qərb isə Ermənistanın bu açıq "demarşından" istifadə etməyi planlaşdırırdı – Aİ-nin "mülki missiya " adı altında kəşfiyyat qrupları İrəvan sərhəddinə gətirildi, ABŞ Ermənistana "müqavilə" adı altında irimiqyaslı pullar ötürməyə başladı, hətta birgə hərbi təlimlər belə keçirdilər. Görüntü təxminən "aydın" idi – Rusiyadan üz döndərmiş Ermənistanı Qərb özünün "çətirinin" altına alaraq bölgəyə təsir mexanizmi formalaşdırır. Amma bir məsələ unuduldu – xainin hər kəsə xəyanət etmək "qabiliyyəti"…

NONSENS: Siyasi əlaqələr gərginləşdikcə, ticarət dövriyyəsi artır…

Yeri gəlmişkən, "caliber.az" saytı məsələ ilə bağlı "Göstəri üçün böhran : Rusiya-Ermənistan-Qərb" adlı geniş məqalə dərc edib. Məqalədə mühüm detallara toxunulmaqla yanaşı mühüm faktlara da müraciət olunur. Bəlli olur ki, Ermənistanın "Rusiyadan imtinası" əslində imitasiya imiş – məhz Qərbi bu yolla aldadan Paşinyan özünün "keçmiş orbitindən" bir addım belə kənara çıxmayıb. Əslində, iki ölkə arasında münasibətlər nəinki korlanmayıb, əksinə, möhkəmlənmənin yeni mərhələsini yaşayırlar. Məqalədə bununla bağlı mühüm arqumentlər və faktlar ortaya qoyulur.

Məsələn, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın iştirakı ilə İrəvanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədrlərinin son iclasında Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun açıqladığı məlumatlara diqqət yetirək:

 - Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollardan 16 milyard dollara çata bilər;

- Tərəflər həmçinin sənaye, energetika, nəqliyyat, logistika, eləcə də maliyyə və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

- Overçukun səsləndirdiyi rəqəmlər onu deməyə əsas verir ki, Moskva ilə İrəvan arasındakı fikir ayrılıqları diqqəti yayındırmaq üçün yaradılmış siyasi şoudan başqa bir şey deyil…

Bu qənaətə gəlmək üçün isə Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsinin son illərdəki vəziyyətinə nəzər salmaq kifayətdir:

- 2021-ci ildə ticarət əməliyyatlarının həcmi 2,6 milyard dollar təşkil edib;

- 2022-ci ildə isə 91,7% artaraq 5 milyard dollara çatıb;

- Ötən il bu rəqəm 7,4 milyard dollara çatıb;

- Bu il isə hədəflənən göstərici rekord səviyyəyə hesablanıb.

Beləliklə, ticarət dövriyyəsinin 14 milyarddan 16 milyard dollara qədər artırılması Rusiyanın Ermənistan iqtisadiyyatının əsas sponsoru olmaqda davam etməsinin, İrəvanın Moskva ilə ticarət-iqtisadi əlaqələrdən asılılığının aradan qalxmadığının təsdiqidir.

Ermənistan Qərbin iqtisadi sanksiyasını "dəlir"…

Qeyd edək ki, bu kimi artım və ya rəqəmlər ilk baxışdan diqqəti cəlb etməyə bilərdi – onsuz da Rusiyanın açıq patronajlığında yaşayan Ermənistanın iqtisadi cəhətdən demək olar ki, Moskvadan asılı olması heç kim üçün yeni bir hal deyil. Sadəcə olaraq, indiki halda rəqəmlərin bu qədər yüksək səviyyəsi müəyyən fikirlər oyadır.

"Caliber.az" yazır ki, durğunluqda olan Ermənistan iqtisadiyyatının məhdud sənaye potensialına malik olması çətin ki, müstəqil şəkildə ticarət dövriyyəsinin belə kəskin artımını təmin edə bilsin. Son üç ildə ticarət dövriyyəsinin sürətli artımı ilk növbədə xarici malların və avadanlıqların, o cümlədən ikili təyinatlı məhsulların təkrar ixracı və geri alınması üzrə müxtəlif sxemlər hesabına təmin edilib. Erməni və Rusiya şirkətləri bu malları ABŞ və Aİ sanksiyalarından yan keçərək vasitəçi və nəqliyyat şirkətləri vasitəsilə daşıyıblar. Yeri gəlmişkən, təkrar ixracdan təkcə Ermənistan pul qazanmırdı. Müharibə ilə bağlı iqtisadi sanksiyalara məruz qalmış Rusiya belə bir mənbənin tapılması əsl "sensasiya" idi. Fakt isə ortadadır – sayt məqaləsində erməni iqtisadçısı Aqasi Tavadyandan sitat verir: "İkili təyinatlı malların təkrar ixracı ilə yanaşı, Ermənistanın xarici ticarətinin sürətli artımı qızıl və almazların təkrar ixracının həcminin kəskin artması ilə təmin edilib. Ermənistanın ixrac etdiyi 8,4 milyard dolların 21,5%-i və ya 1,8 milyard dolları qızıl, 7%-i və ya 589 milyon dolları almaz ixracı olub. Ümumilikdə, bütün ixracın 28,5%-i Rusiya qızıl və almazlarının Birləşmiş Ərəb Əmirlikləri və Honkonqa təkrar ixracının payına düşür”. Beləliklə, artıq şərhə ehtiyac qalmır…

Rəqəmlər və faktlar: Qərb Ermənistan-Rusiya gizli işbirliyinə niyə göz yumur?

Maraqlıdır ki, Ermənistanın ikili oynaması, daha doğrusu Qərbin iradəsinə zidd olaraq Rusiyanın sanksiyaları aşaraq ixrac potensialını daha da irəli aparması niyə susqunluqla qarşılanır – əksinə, bu faktları hərtərəfli şəkildə "təhlil edən" Qərb Ermənistan ilə münasibətlərinin "inkişafı" tamaşasını qurur və bu ilin aprelində qarşlıqlı olaraq "üçtərəfli bəyanata" imza atılır. 

Avropa İttifaqı İrəvana rəsmi olaraq infrastrukturun inkişafı, rəqəmsallaşma, iqlim layihələri, nəqliyyat və demokratik islahatlara yönəlmiş 2,6 milyard avro ayırıb. Lakin Ermənistan xarici sponsorlardan qənaət etdiyi vəsaiti səxavətlə hərbiləşdirmə prosesinə yönəldir.

ABŞ isə USAID-in əli ilə Ermənistanı maliyyələşdirməni iki dəfədən çox artırır - 120 milyon dollardan 250 milyon dollara çatdırır. Paralel olaraq Amerika hərbi personalı və texnikası artıq Zəngəzurdadır.

Bəs niyə hər iki tərəf Ermənistanın açıq xəyanətini görür amma susur? Burada bir xırda məqam diqqəti cəlb edir – Ermənistan Rusiya mallarının təkrar ixracı hesabına əldə etdiyi maliyyəni yenidən Qərbə "qaytarır" – bu dəfə silah alveri adı altında. Beləliklə, Qərb Ermənistana silah satışının həcmini artırır. Beləliklə, hər kəsi  düşündürən "Ermənistan silah altaq üçün milyardlarla pulu haradan qazanır?" sualına da cavab tapılır. "Caliber.az"ın yazdığı kimi, anti-Rusiya sanksiyalarını fəal şəkildə tətbiq edən və onlardan yan keçənləri tənqid edən Paris, Brüssel və Vaşinqton Ermənistanın əlavə vəsaitləri haradan əldə etdiyini çox gözəl anlasa da, “pulun qoxusu yoxdur” prinsipindən çıxış edirlər. Onlar Ermənistanı həmişə “xilas” edilməli olan “sevimli uşaq” kimi gördükləri və onun əli ilə öz məqsədlərinə çatmaq istədikləri üçün buna göz yumurlar.

Sayt yazır ki, “böyük bacı” – Makronun Fransası Ermənistana öz vətəndaşlarından daha çox vaxt və pul ayırır. Paris Hindistan və digər ölkələr vasitəsilə Ermənistanı Fransa lisenziyası əsasında istehsal olunan silahlarla təmin edir. Üstəlik, bu yay Fransanın Ukraynada hərbi texnika istehsalı üçün müdafiə şirkətlərini, o cümlədən fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılan məşhur KNDS şirkətini cəlb etməyi planlaşdırdığı bildirilir – "Caliber.Az" xəbər verir ki, bu zavodda istehsal olunan silahların bir hissəsinin Ermənistana göndərilməsi planlaşdırılır…

Ermənipərəst "üçlük" yenidən iş başında…

Beləliklə, 30 ildir ki, "göz oxşayan" "siyasi trio" yenidən meydandadır. Təxminən 30 il Ermənistanı dəstəkləyən, işğalçını öz adı ilə çağırmayan "eks – Minsk qrup"çuların İrəvana "yeni sevgisi" də təəccüb doğurmamalıdır. Onların regionda nüfuz və mövcudluğunu saxlamaq üçün “Ermənistan” adlı layihəyə ehtiyacı var. Ona görə də Paris, Vaşinqton və Moskvanın hər birinin ayrı-ayrılıqda və ya birlikdə Cənubi Qafqazda bu layihəni dəstəkləmək üçün addımlar atması tamamilə başa düşüləndir.

"Calber.az" ötən ilin oktyabrında, Rusiya-Ukrayna müharibəsinin qızğın çağında “Politico”nun yaydığı məlumatı önə çəkir – 2023-üc ilin sentyabrın 17-də Qarabağ bölgəsində antiterror əməliyyatının başlamasına bir neçə gün qalmış Rusiya, ABŞ və Aİ nümayəndələri İstanbulda gizli görüş keçirib, Azərbaycanı cilovlamaq üçün mümkün tədbirləri müzakirə ediblər. Görüşdə ABŞ-ın Qafqaz üzrə baş müşaviri Lui Bono, Avropa İttifaqının region üzrə xüsusi nümayəndəsi Toivo Klaar və Ermənistanla Azərbaycan arasında münasibətlərə nəzarət edən Rusiya prezidentinin xüsusi nümayəndəsi İqor Xovayev iştirak ediblər. “Politico” qeyd edib ki, görüşün məqsədi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin qarşısını almaq üçün ona təzyiq tədbirləri hazırlamaqdır.

Azərbaycana mane olmaq mümkün olmasa da, keçirilən görüş maraqlı bir həqiqəti ortaya qoyur – Ukraynada qarşı-qarşıya olan Qərb-Rusiya nə sirrdirsə, Ermənistan məsələsində asanlıqla ümumi dil tapırlar. Rusiya Ermənistanın Qərb çətiri altına keçməsini iqtisadi göstəricilər üçün "problem" saymır, Qərb isə Ermənistanın hələ də KTMT və Aİİ üzvü olaraq qalmasına, onun ərazisində Rusiya hərbçilərinin və sərhədçilərinin qalmasını sükutla qarşılayır. Hətta, Rusiya Ermənistanla "kəskin", "ziddiyyətli" qarşıdurmaların varlığını sübut etmək üçün min bir yola baş vurur, Zaxarova - Simonyan dueli ilə ictimai çəkişmə illüziyası formalaşdırır. "Caliber.az" yazır ki, praktikada Rusiya öz forpostuna sadiq qalır. Söhbət təkcə Overçukun ticarət dövriyyəsini artırmaq planlarından getmir. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana silah tədarükünü bərpa edib. Xüsusilə alınması üçün müqavilələrin bir neçə il əvvəl bağlandığı “Smerç” tipli raketlərin tədarükündən gedir. Bu ilin əvvəlində hakim “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan bildirib ki, Rusiya silahlarının yeni partiyası artıq Ermənistana gəlib. Mart ayında parlament komissiyasının rəhbəri Andranik Köçəryan da təsdiqləmişdi ki, “bu gündən həmin alışlar həyata keçirilməyə başlayır”.

“Söhbət Ermənistana təhvil verilməmiş silahlardan və ya çatışmazlıqlardan gedir. İndi Rusiya bu silahları Ermənistana ötürmək imkanı tapıb”, - Köçəryan PTA-ya müsahibəsində bildirib.

Ukrayna müharibəsi bəhanəsi ilə Azərbaycana silah verməyən Rusiya…

Bəli, Rusiya Ermənistana silah göndərməkdə davam edir. Amma 2022-ci ildən başlayaraq Rusiya Azərbaycana bir dənə də olsun patron göndərməyib və bunu Ukrayna ilə müharibəylə "əsaslandırıb". Halbuki, 2022-ci il fevral tarixli "Müttəfiqlik, qarışılıqlı fəaliyyət haqqında Bəyannamə"yə əsasən tənzimlənməli olan ikitərəfli əlaqələri, müqavilələri Moskva Ukrayna cəbhəsində baş verən hadisələrə görə "ləngidib" -  münasibətləri “pozulmaq” ərəfəsində kimi görünən Ermənistana isə sanki müharibə yoxmuş kimi istənilən növ silahları almağa davam edib.

Bəli, dünyada kataklizmlərin artdığı bir zamanda qarşılıqlı etimad və etibar məsələsi bəzi dövlətlər tərəfindən arxa plana keçir. Azərbaycan hər zaman öz sözünə, imzasına və mövqeyinə hörmət edən bir dövlətdir – qlobal münasibətlər sistemində biz ədalətli və hüquqi yanaşmamızla tanınırıq. Qarşı tərəfdən də oxşar yanaşmanı görmək istəyimiz də ədalətli və hüquqidir. Düzdür, Rusiya-Ermənistan münasibətləri Rusiya ilə Ermənistanın daxili məsələsidir – amma, söhbət Azərbaycanın milli maraqlarından getdiyi zaman məsələ dəyişir: Ermənistanın silahlandırılması, iqtisadi cəhətdən gücləndirilməsi sülh perspektivini ləngidir, regiona təhdid yaradır. Bunun nəticəsidir ki, Ermənistan rəhbərliyi artıq sülh məsələsindən daha rahat yayınmağa başlayır: "Dünya erməniləri məğlubiyyət şokundan uzaqlaşır və erməni məsələsi üzrə ənənəvi müttəfiqlər yenidən regiondakı geosiyasi “layihələrini” dəstəkləmək uğrunda birləşirlər. Rəsmi Bakı buna səssiz qala bilməz və qalmayacaq da"…

P.İsmayılov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
yeniazerbaycan.com

10Mənbələr