AZ

Erlinq Haland Premyer Liqada müstəsna nailiyyətə imza atdı

İngiltərə Premyer Liqasının 4-cü turunun “Brentford”la ev oyunu “şəhərlilər”in norveçli hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “qolçu vikinq” “şəhərlilər”in 2:1 hesablı əzmkar qələbəsinə dübarə qolla töhfəsini verib.

“Squawka” dərgisinin məlumatına görə, Haland İngiltərə Premyer Liqasının ilk 4 turunda 9 qol vurmağı bacarmış ilk futbolçu kimi adına tarixə yazıb.

Qələbə sayəsində “Mançester Siti” 4 turdan mütləq nəticə hasil edib və 12 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edir.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 9 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 103 oyun, 99 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. “Qolçu vikinq” yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.

Seçilən
129
5
arena.az

10Mənbələr