Bakı, 16 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “4Sİ Akademiyası” 42 ölkə tərəfindən təqdim edilən 170 layihə arasında əmək bazarında ixtisaslı kadrların hazırlanması, rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, inklüzivliyin təmin edilməsi, Bakı şəhəri və regionlardan vətəndaşların proqrama cəlb edilməsi, innovativ həllərin tətbiqi üzrə verdiyi töhfələrə görə final mərhələsinə yüksəlib.
Dünya üzrə ən populyar tədris platforması olan “Coursera” hər il insan kapitalının inkişafı üzrə mühüm nailiyyətlər əldə edən tərəfdaşlara “Üstün Nailiyyət Mükafatı” təqdim edir. Seçim zamanı tədris platformasında onlayn təhsilə cəlb edilənlər və əldə edilmiş beynəlxalq sertifikatlar, qazanılan yeni biliklər əsasında karyerasında yüksələnlərin sayı və digər göstəricilər əsas götürülür. Müsabiqənin final mərhələsi sentyabrın 17-də ABŞ-nin Las Veqas şəhərində keçiriləcək.
“4Sİ Akademiyası”nın məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihə çərçivəsində 1 il ərzində ölkə üzrə 10 min nəfər “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanıb. İştirakçılara Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və “Microsoft”, IBM, “Meta” və “Google” kimi texnologiya şirkətlərinin 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera və dil bilikləri ilə bağlı 800-ə yaxın kursundan yararlanmaq təklif edilib.
İstifadəçilər 4Sİ texnologiyaları, süni zəka, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya, biznes, idarəetmə və digər istiqamətlərdə 32 min saatdan çox video mühazirəyə qatılıblar. Təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər.
Layihənin milli proqram şəklində davam etdirilməsi nəzərdə tutulub.