“4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin təsis etdiyi “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi seçilib. “4Sİ Akademiyası” süni intellekt sahəsində bilik və bacarıqların əldə olunmasını fəal təbliğ etdiyinə, əmək bazarında ixtisaslı kadrların hazırlanması, rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, innovativ həllərin tətbiqi üzrə verdiyi töhfələrə görə “Coursera”nın tərəfdaşı olan 42 ölkə tərəfindən təqdim edilən 180-dən çox layihə arasından seçilərək mükafata layiq görülüb.
Mükafat sentyabrın 17-də ABŞ-nin Las Veqas şəhərində keçirilən “Coursera Şəbəkə Konfransı” çərçivəsində “Coursera”nın həmtəsisçisi və sədri, Stenford Universitetinin professoru Endryu İn tərəfindən 4SİM-in icraçı direktoru Fariz Cəfərova təqdim edilib. F.Cəfərov konfransda “4Sİ Akademiyası” haqqında təqdimatla çıxış edib və layihənin uğur hekayəsini iştirakçılarla bölüşüb.
Bildirilib ki, “4Sİ Akademiyası”nın məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihə çərçivəsində 1 il ərzində ölkə üzrə 10 min nəfər “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanıb. İstifadəçilər 4Sİ texnologiyaları, süni zəka, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya, biznes, idarəetmə və digər istiqamətlərdə 32 min saatdan çox video mühazirəyə qatılıblar. Təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər. Layihənin “Milli Proqram” şəklində davam etdirilməsi nəzərdə tutulub. Bu mərhələdə 200 min vətəndaşımıza 4-cü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradılacaq.
Dünya üzrə ən populyar tədris platforması olan “Coursera” hər il insan kapitalının inkişafı üzrə mühüm nailiyyətlər əldə edən tərəfdaşlara “Üstün Nailiyyət Mükafatı” təqdim edir. Seçim zamanı təhsil platformasında onlayn təhsilə cəlb edilənlər və əldə edilmiş beynəlxalq sertifikatlar, qazanılan yeni biliklər əsasında karyerasında yüksələnlərin sayı və digər göstəricilər əsas götürülür.