Almaniya kansleri Olaf Şols və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin birgə mətbuat konfransı Qazaxıstan tərəfinin təşəbbüsü ilə ləğv edilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Almaniyanın DPA agentliyi yayıb.
Agentlik qeyd edib ki, konfransın ləğvi onun başlamasına az qalmış baş verib. Bu qərarın səbəbləri açıqlanmır. Eyni zamanda jurnalistlər vurğuladılar ki, Özbəkistanda ilkin olaraq birgə mətbuat konfransı planlaşdırılmayıb.
Nəticədə Almaniya kansleri jurnalistlərin qarşısına tək çıxıb. Konfransın sonunda Şolsdan Astananın qərarından məyus olub-olmadığını soruşublar. Almaniya hökumətinin mətbuat xidmətinin məlumatına görə, kansler cavab verməkdən yayınıb.
Sentyabrın 16-da Şols Tokayevin dəvəti ilə Qazaxıstana iki günlük səfərə gəlib. İkitərəfli danışıqlardan əlavə, “Mərkəzi Asiya+Almaniya” formatında ikinci görüş baş tutacaq.
Musavat.com