Mətbuat Şurasının (MŞ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində üçüncü toplantı keçirilib.
Şuradan Doğru.az-a bildiriblər ki, layihə üzrə ilk iki toplantının iyul və avqust aylarında keçirildiyini diqqətə çatdıran Mətbuat Şurasının sədri Rəşad Məcid həmin toplantılarda layihə ilə bağlı ölkəmizin media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazasının yaradılması ideyası ətrafında görülmüş işlərin təqdim olunduğunu deyib.
Qeyd edək ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində MŞ-nin saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib. Bu barədə məlumat verən R.Məcid əlavə edib ki, mediamızdakı dinamika istər-istəməz palitra zənginliyi yaradır. Zənginlik isə ortaya institusional baxışın qoyulmasını ehtiyaca çevirir. Layihənin məqsədi həm də bu ehtiyacı qarşılamaqdır.
Layihə çərçivəsində indiyədək Azərbaycanın informasiya dövriyyəsinin tənzimlənməsi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində dörd fundamental yüklü məqalənin yayımlandığını diqqətə çatdıran R.Məcid sözügedən mövzuda əlavə səkkiz məqalənin hazırlanacağını, həmçinin iki toplantının təşkil olunacağını, “Azərbaycanın media landşaftı” kateqoriyasının zənginləşdirilməsinə yönələn işlərin görüləcəyini də diqqətə çatdırıb.
Şuranın icraçı katibi Əvəz Rüstəmov toplantı iştirakçılarını Şuranın saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyası haqqında məlumatlandırıb. O bildirib ki, dekabradək reallaşdırılacaq “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sözügedən kateqoriyanın tam dolğunluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. İndiyədək mövcud olmuş aktiv media subyektlərinin siyahısına əlavələr aparılıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasının xüsusiyyətləri ilə bağlı geniş məlumatlandırıb. O, həmçinin bildirib ki, “media landşaftı” ifadəsi beynəlxalq media terminalogiyasında istifadə olunur. Şuranın layihəsi bu ehtiyacın ölkəmizlə bağlı seqmentini nəzərə almaq zərurətindən qaynaqlanır.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, BDU-nun Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova və başqaları icra olunan layihənin əhəmiyyətindən danışıblar. Onlar götürülmüş kursun sistemli və ardıcıl icrasının müsbət nəticələr doğuracağına inandıqlarını deyiblər.
Tədbirdə, həmçinin iştirakçıların sualları cavablandırılıb, təklifləri qruplaşdırılıb.
DOĞRU.AZ