AZ

“Barselona” Mark-Andre ter Ştegen haqda rəsmi bəyanat yaydı

“Barselona” “blauqrana”nın zədəli alman qapıçısı Mark-Andre ter Ştegenlə bağlı rəsmi bəyanatını icitmaiyyətə açıqlayıb.

Arena.az “Barselona”nın rəsmi saytına istinadən, müvafiq bəyanatı təqdim edir:

“Aparılmış tibbi müayinələr Mark ter Ştegenin sağ dizinin dizaltı vətərinin yırtığı olduğunu təsdiqləyib. Qapıçı bazar ertəsi əməliyyat ediləcək. Bundan sonra biz futbolçunun vəziyyəti ilə bağlı yeniləniş məlumatı təqdim edəcəyik”, – “blauqrana”nın mətbuat xidməti bildirib.

Xatırladaq ki, təcrübəli qapıçı “Barselona”nın İspaniya La Liqasının 6-cı turu çərçivəsində “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub etdiyi səfər oyununda ağır zədələnib.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının yetirməsidir. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyulunda 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ter Ştegen “blauqrana” üçün 7 oyun keçirib, 7 qol buraxıb, 1 oyunda “çərçivəsini” qoldan qoruya bilib.

Alman qapıçı “Barselona”nın heyətində ümumilikdə 420 oyuna çıxıb, 412 qol “yeyib” və 175 oyundan “quru” qurtulub.

Ter Ştegen “Barselona” ilə 5 dəfə İspaniya Liqasının, 5 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre ter Ştegen 2012-ci ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 42 oyuna 50 qol buraxıb, 12 “quru” oyun keçirib. Ter Ştegen Almaniya yığması ilə 2017 Konfederasiyalar Kubokunun qalibi, həmçinin U-17 və U-19 yığmalarının heyətində Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı alman qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
34
5
arena.az

7Mənbələr