AZ

Sülhlə bağlı ƏN SON XƏBƏR – Bundan sonra nə olacaq?

Ermənistanın Qərb və Rusiya arasında var-gəl etməsi, Nikol Paşinyan hakimiyyətinin ölkəni auksiona çıxartması cəmiyyəti və siyasi spektrdəki qüvvələri də çaşbaş salıb. Hər halda, guya “Qərbə inteqrasiya” etmək istəyən ölkədə Rusiyaya yaxınlaşmaq üçün canfəşanlıq edənləri görməyin özü də nonsesdir.

KONKRET.az xəbər verir ki, Ermənistandakı radikal-revanşist “Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan bildirib ki, Rusiya “Ermənistan və Azərbaycan arasında gələcək razılaşmaların həyata keçirilməsini təmin edə bilər”. “Biz hər yerə mesaj göndərmişik ki, Rusiyanı Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi və qarant hesab edirik. Gələcəkdə o, Ermənistanla Azərbaycan arasında əldə olunan istənilən razılaşmanın həyata keçirilməsini təmin edə bilər”, – Tevanyan vurğulayıb.

Düzdür, Tevanyan Rusiyanın adamı kimi tanınır. Bu yaxınlarda o, başının dəstəsi ilə işğal altındakı Donbasa səfər etmiş, Rusiyanın ünvanına siyasi difirambalar söyləmişdi. Ermənilərin Rusiyanı prosesə vasitəçi kimi qoşmaq niyyətinin bir hədəfi də Qarabağdan könüllü köç etmiş ermənilərin geri qayıdışına zəmanət almaq, perspektivdə isə ola bilsin, üzdəniraq Minsk Qrupunu diriltməkdir. Rəsmi Bakı isə məlumdur ki, ikitərəfli formatda danışıqlara üstünlük verir. Bu yöndə bir sıra uğurlar da var – Qazağın 4 kəndinin dinc yolla qaytarılması, Azərbaycan-Ermənistan sərhədinin 13 km-nin delimitasiya edilməsi, birgə komissiyanın ortaq əsasnaməsinin hazırlanması və s. Odur ki, vasitəçi qismində Rusiya və ya hər hansı başqa dövlət bizim nəyimizə lazım? Dövlətimizin başçısı ikitərəfli formatı münasibətləri irəli aparmaq baxımından ən uğurlu düstur olaraq təqdim edib və haqlı olduğu da təsdiqlənib. Anklav olmayan kəndlərin azad edilməsi, sərhədlərin 13 km-nin dəqiqləşdirilməsi, birgə komissiyalarla bağlı Əsasnamənin razılaşdırılması kimi addımlar məhz üçüncü tərəfin dövriyyədə olmadığı şəraitdə atılıb. Rusiyanın moderatorluğunu Qərb qəbul etmədiyi kimi, Qərb paytaxtlarının masada yer aldığı danışıqları da Kreml pozmağa çalışır hər zaman.

Ümumiyyətlə, Moskva Bakı və İrəvanda sülh müqaviləsinin imzalanmasına hansısa real töhfəni verə bilərmi? Bu məsələdə Qərb, yoxsa Rusiya daha səmimi və maraqlıdır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu açıqlamasında xatırlatdı ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdəki son çıxışı zamanı Ermənistanla danışıqlarda vasitəçiyə ehtiyac olmadığı fikrini bir daha təkrarladı: “Dövlət başçısı buna misal kimi əldə edilən sərhəd razılaşmalarını göstərdi. Həmin razılaşmalar birbaşa danışıqların nəticəsində əldə olunub. Sülh sazişinin mətni ətrafındakı müzakirələr də iki tərəfin yazışmaları əsasında davam edir. Bununla yanaşı, gələcəkdə sülh sazişinin imzalanması üçün məkana ehtiyac yarana bilər. Fikrimcə, bunun üçün ən uyğun iki məkan var. Bu, ya Gürcüstanın paytaxtı Tiflis, ya da Qazaxıstanın paytaxtı Astana ola bilər. Gürcüstan Cənubi Qafqaz dövləti olaraq bölgədə sülh və əməkdaşlıqda marağı olan əsas ölkələrdəndir. Qazaxıstan isə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, Ermənistanla müxtəlif təşkilatlarda bir yerdədir və bu ölkə də Cənubi Qafqazda sülh və əməkdaşlıqda maraqlıdır”. E.Şahinoğlunun sözlərinə görə, sülh sazişinin Rusiya paytaxtına imzalanması bu ölkənin Cənubi Qafqaza təsirinin güclənməsinə yol aça bilər ki, bu nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğundur: “ABŞ da istisnadır, çünki bu halda Kreml bölgəyə təzyiqi artacaq. Əgər sülh sazişinin imzalanması üçün Avropa ölkələri analiz edilərsə, bunlardan Almaniya və ya Macarıstan seçilə bilər. Bu ilin başlanğıcından Azərbaycan və Ermənistan rəsmilərinin Almaniya ərazisində bir neçə görüşü olub və hər iki tərəf Berlinin təşəbbüslərindən razı qalıb. Çünki Almaniya Fransadan fərqli olaraq tərəfsizdir. Almaniya görüş yeri üçün uyğun məkandır. Digər tərəfdən, Berlinin həm Bakı, həm də İrəvanla yaxşı münasibətləri mövcuddur. Macarıstan rəsmiləri isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Budapeşti təklif ediblər. Bu variant da müzakirə edilə bilər”. Siyasi şərhçi qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında bütün məsələlər həll olunarsa, sülh sazişini iki ölkənin sərhədində də imzalamaq mümkündür: “Bu, ən optimal variantdır. Buna baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün hansı məkanın seçiləcəyindən daha çox hazırda sazişin mətninin razılaşdırılması əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev parlamentdəki çıxışında Ermənistan hökumətinin vaxtı uzatdığını bildirib. Bu isə bölgədə gərginliyin azalmasına şərait yaratmır”.

Politoloq Məhəmməd Əsədullazadə isə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin gedişinə diqqət çəkdi: “Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb. Sərhədlərin delimitasiya və demarkasiyasının əsasnaməsi təsdiq olunub. Hazırda ikitərəfli danışıqlar davam edir. Cənab prezident İlham Əliyev Milli Məclisdəki çıxışında ikitərəfli danışıqlar əsasında prosesin davam edəcəyini vurğuladı, əlavə vasitəçiyə ehtiyac olmadığı mesajını verdi. Bizə nə Qərbin, nə də Rusiyanın vasitəçiliyi lazım deyil. Düzdür, ABŞ prosesi alqışlayır və Ermənistanı sülhə sövq edir. Avropa İttifaqınin Prezidenti Şarl Mişel də səmimi vasitəçilk edirdi. Amma Azərbaycan tərəfi ikitərəfli danışıqlarda israr edir”. M.Əsədullazadə Vaşinqtonun da ikitərəfli danışıqları dəstəklədiyini vurğuladı: “Lakin Kreml çalışır ki, özü vasitəçi olsun. Yeri gəlmişkən, Rusiya ikitərəfli danışıqların uğurlu aparılması istiqamətində müsbət bəyanat verməyib. Ermənistanda revanşist müxalifət liderləri Rusiyanın burada vasitəçi olmasını qabardırlar. Çünki Rusiyanın ermənilərin yenidən Qarabağa qayıtmasına çalışdığını və sülhü tormozladığını yaxşı bilirlər. Ona görə də Moskvanı məhz bu qüvvələr dəstəkləyir”. Bütün bunlara rəğmən, ekspert hesab edir ki, əsas söz Azərbaycanındır: “Cənab prezident İlham Əliyev uğurlu şəkildə və prinsipial olaraq sülhlə bağlı mövqeyini açıq şəkildə vurğuladi. Həm Moskvaya, həm də Brüsselə mesaj verdi ki, Azərbaycan ikitərəfli danışıqları aparacaq”./ “Yeni Müsavat”

Seçilən
85
50
konkret.az

10Mənbələr