AZ

“Biznesi vergi yükü altında əzməklə qeyri-neft sektorunu inkişaf etdirmək olmaz”

Rövşən Ağayev: “Dolayı vergilər hökumətin əlində daimi qeyri-neft sektorunun vergilərini artırmaq üçün ən rahat kanaldır”Nazirlər Kabineti 2025-ci ilin büdcə layihəsini Prezidentə təqdim edib.Bu barədə hökumətin məlumatında qeyd olunub.Məlumatda 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin bəyənildiyi bildirilir.Bəs, bu inkişaf konsepsiyası və göstəricilər doğrudan da qənaətbəxşdirmi?İqtisadçı Rövşən Ağayev Meydan TV-nin bu mövzu ilə bağlı suallarını cavablandırıb.– Rövşən bəy, 2025-ci ilin büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Gələn ilin büdcəsini 2023 və 2024-cü illə müqayisədə necə qiymətləndirirsiniz? Xüsusilə, neft və qazdan daxil olacaq gəlirlərdə azalma proqnozlaşdırıldığı bir dövrdə hökumət gəlirlərdəki artımı hansı mənbələr hesabına qarşılaya biləcək?– Əslində, ciddi fərq olmayan büdcədir, hər iki ilin büdcəsi həm gəlirləri, həm də xərcləri məbləğ etibarı ilə yaxındır. Dövlət büdcəsinin xərclər hissəsində kiçik azalma, gəlirlər hissəsində isə cüzi artım var. Cari illə müqayisədə 2025-ci ilin büdcəsinin gəlirlərdə artım 0,6 faiz, yaxud 228 milyon manat, xərclərdəki azalma isə 0,2 faiz və ya 75 milyon manat təşkil edir. O baxımdan müqayisə edəndə məbləğ, eləcə də ancaq struktur nöqteyi-nəzərdən ciddi fərq yoxdur. Dövlət büdcəsinin gəlirlər hissəsinə baxanda yarısı neft, yarısının isə qeyri-neft hesabına formalaşacağını görürük. Xərclərə gəldikdə bəzi xərclərdə artım, bəzilərində azalma var. Məsələn, müdafiə xərcləri 2024-cü illə müqayisədə 468 milyon manat azdır, əvəzində təhsil xərclərində 400 milyon manata yaxın, sosial müdafiə xərclərində 600 milyon manata yaxın, ümumdövlət xidməti xərclərində 700 milyon manata yaxın, hüquq-mühafizə orqanlarında 120 milyon manata yaxın artım var. İnvestisiya xərclərində də artım nəzərdə tutulur. Belə ki, 2024-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası da nəzərə alınmaqla büdcə investisiyalarına 8,1 milyard manat ayrılması təsdiqlənib. 2025-ci ildə həmin məbləğ təxminən 345 milyon manat artırılaraq 8,5 milyard manata çatdırılır. Amma bu artım işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı investisiya xərclərinin deyil, digər layihələrin hesabına baş verəcək. Azalan neft-qaz gəlirlərinin yerinin hansı mənbələr hesabına doldurulacağına gəldikdə, qeyd etdiyim kimi, büdcənin gəlirlər hissəsində çox az artım var. Neft Fondundan büdcəyə həm cari ildə, həm də gələn il eyni məbləğdə – 12 milyard 781 milyon manat transfert nəzərdə tutulduğunu nəzərə alsaq, neft gəlirlərindəki azalma əsasən neft şirkətlərinin vergi gəlirləri hesabına olacaq. Ümumilikdə xarici neft-qaz şirkətlərinin mənfəət vergisindəki azalmalar hesabına neft gəlirlərində 700 milyondan bir qədər artıq azalma proqnozlaşdırılır. Əvəzində 959 milyon manat qeyri-neftdən artım var. Bu artımın əsas mənbəyi bilavasitə əhalinin cibindən çıxan dolayı vergilərdir. Söhbət əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları kimi tədiyə növlərindən gedir. Yəni faktiki olaraq, gələn il qeyri-neft mənbələri hesabına bütün artımların 75 faizə qədəri bilavasitə dolayı vergilər, yəni istehlakçıların, müştərilərin, vətəndaşların aldıqları məhsul və xidmətlərin üzərinə gələn yığımlar hesabına baş verəcək.– 2025-2028-ci illər büdcə proqnozlarına baxdıqda ARDFN-dən transferlərdə cüzi də olsa, azalma proqnozlaşdırılır. Sizcə, qeyri-neft sektorunun zəif inkişaf etməsi fonunda hökumət bu proqnoza sadiq ola biləcəkmi?– Əvvəla, hökumətin proqnozları etibarlı deyil, öncəki illərin proqnozlarına baxsanız, çox ciddi düzəltmələr olduğunu görərsiniz. Hətta növbəti bir ilin proqnozu normal icra olunmur. Fikir verin, hökumət hər ilin ortasında dövlət büdcəsini dəyişir, o ki qala 4 illik büdcənin proqnozu etibarlı deyil. Ona görə mən heç vaxt büdcə proqnozlarında orta müddətə və uzun müddətə deyil, daha çox növbəti ilə baxıram. Qeyri-neft sektorunun artım potensialının tükəndiyi şəraitdə əsasən tikinti və turizm üzərindən artan bir iqtisadiyyatın qeyri-neft sektoru azalan neft gəlirlərini kompensasiya edə bilməyəcəyini qarşıdakı illərdə görəcəyik. Son 4 ildə biznesi və əhalini böyük vergi yükü altında əzməklə, eləcə də yüksək inflyasiya sayəsində qeyri-neft gəlirlərində artım uzun zaman davam edə bilməz. Xüsusən biznesin dözüm limiti çox məhduddur. Hətta müəyyən səviyyədə kompensasiya etsə belə, bu iqtisadiyyatın effektiv inkişafı, gəlir potensialının artması hesabına olmayacaq. Yenə də vətəndaşların, dolayı vergilərin hesabına artım olacaq. Məsələn, 2019-2024-cü illərdə qeyri-neft sektorunun artan büdcə gəlirlərinin təxminən üçdə ikisi məhz dolayı vergilər hesabına olub. Bu, onu göstərir ki, dolayı vergilər hökumətin əlində daimi qeyri-neft sektorunun vergilərini artırmaq üçün ən rahat kanaldır. Xarakter etibarı ilə dolayı vergilər həm inflyasiyanı, həm də yoxsulluğu artıran amildir.Foto: Meydan TV– 2025-ci ilin büdcəsində neftin bir barelinin qiyməti 70 dollardan hesablanıb. Sizcə, belə bir orta qiymət nə dərəcədə risklidir?– Hökumətin bu sahədə də proqnozlarını ilin ortasında da korreksiya etdiyi hər kəsə məlumdur. Məsələn, bu il 1 barrel 90 dollardan götürülmüşdü, 75 dollara endirildi. Fərqli illərdə hökumət dünya bazarından asılı olaraq neftin qiymətini korreksiya edir və buna uyğun olaraq büdcə parametrlərində dəyişiklik olunur. 70 dollar o qədər də riskli deyil. Neftin qiyməti artsa, hökumət əlavə qazanc əldə edəcək və aydındır ki, bu halda riskdən söhbət getmir. Risk neftin qiymətinin azaldığı halda meydana çıxır. Neftin kəskin ucuzlaşmasına hansısa fors-major, məsələn, yeni bir qlobal pandemiya, müxtəlif ölkələrin neft bazarlarına çıxışı ilə bağlı qadağaların yumşaldılması, Yaxın Şərqdə münaqişələrdə fasilələrlə bağlı razılaşmalar səbəb ola bilər. Lakin bunların olmadığı halda, indiki geopolitik şərtlərdən, neft bazarında tələb-təkliflə bağlı mövcud göstəricilərdən baxdıqda, qısamüddətli dövrdə neftin qiymətin 70 dollarlıq səviyyədən çox da uzaqlaması ilə bağlı gözləntilər azdır. Ən kritik halda, məsələn, neftin qiyməti 50 dollara ensə də, ən azından gələn il üçün büdcənin icrasına risk törətmir. Risk qiymətin 2-3 il və daha uzun müddətə aşağı qalacağı halda dərinləşəcək. Çünki gələn ilin gəlir proqnozlarına baxdıqda, 20 dollar dövlət büdcəsi üçün hökumətə təxminən 1 milyard dollara yaxın itki deməkdir. Hökumət bu itkinin yerini xərclərə müəyyən ixtisarlar etməklə və Neft Fondundan transfertləri artırmaqla doldura bilər. Yəni o baxımdan 1 illik qısa dövrdə 70 dollar riskli deyil.– Büdcə xərcləri 2025-cü ildə 45,8 milyard manat proqnozlaşdırır. Bu da 2024-cü illə müqayisədə 240 milyon, və ya 0,5 faiz çoxdur. Hökumətin ən çox önəm verdiyi müdafiə və təhlükəsizlik, tikinti xərclərində gələn il azalma proqnozladırılır. O zaman digər istiqamətlərdə xərclərin artımı hökumətin büdcə siyasətində əhəmiyyətli dəyişiklik etdiyini demək olar?– Bu, dövlət büdcəsi yox, icmal büdcənin xərcləridir. Ona görə əsasən dövlət büdcəsinə fokuslanmalıyıq və vacib olan dövlət büdcəsinin xərcləridir. Bu isə çox az, cəmi 0,2 faiz, 75 milyon manat artır. Bəli, hökumət müdafiə xərclərini bir qədər azaldıb, amma digər istiqamətlərə artım var. Bunun da əsas səbəbi odur ki, hökumət 2020-2024-cü illərdə müdafiə xərclərini kifayət qədər artırmışdı, hətta bu ilin büdcəsini dəyişəndə, proqnozla müqayisədə müdafiə xərclərində yenidən artıma getdi. Yəni son 4 ildə müdafiə xərcləri çox üstün sürətlə gedib, lakin postpandemiya dövründə həssas sosial təbəqələrin ehtiyaclarına baxmayaraq sosial müdafiə və digər sosial xərcləri artımı isə müdafiə xərclərindən xeyli geri qalmışdı. Bir çox məsələlərdə hökumətin cəmiyyətə etinasız yanaşdığını sezsək də, görünür, balans yaratmaq zərurəti hiss edirlər. Ona görə də müdafiə xərclərinin artımını bir qədər azaldır, artım tempini dayandırır və digər istiqamətlərə üstünlük verməyi prioritet seçir. Nəzərə alın ki, son 5 ildə hətta hökumətin çox etibar edilməyən statistikası ilə baxdıqda xüsusən kasıbların və yoxsulların hiss edəcəyi qiymət artımı məcmu halda 60 faiz ətrafında olub. Ancaq sosial müdafiə və səhiyyə xərclərin artımı bunun yarısı qədər olub. Ona görə də hökumət tam olmasa da, müəyyən səviyyədə sosial xərclərin qiymətlərə uyğun indeksasiyasına getməyə məcburdur. Hesab etmirəm ki, hökumətin 2025-ci ildə büdcə xərclərində artım dinamikasında etdiyi dəyişikliklər büdcə siyasətində əhəmiyyətli dəyişikliklər sayıla bilər. Bu o zaman əhəmiyyətli dəyişiklik ola bilərdi ki, məsələn, sosial xərclərin büdcədə payı digər istiqamətlərdən kəskin fərqlənərdi. Müqayisə üçün deyim ki, 2020-ci ildə dövlət büdcəsi xərclərinin 18,5 faizi bilavasitə əhalinin sosial müdafiəsinə və sağlamlığının qorunmasına yönəldilmişdi. Amma gələn il xərclərinə nisbətdə bu göstərici 17,5 faiz ətrafındadır. Göründüyü kimi, heç də sosial müdafiə və səhiyyə xərcləri baxımından büdcənin xərc prioritetlərində əhəmiyyətli dəyişiklikdən söhbət getmir.– Büdcənin əsas xərc yükünün xarici borclar olduğunu görmək olur. Bu borcları büdcə üçün təhlükəli saymaq olarmı?– Bəli, dövlət borclarında 2024-cü illə müqayisədə iki dəfəyə yaxın artım var. Mütləq rəqəmlə büdcədən borcların qaytarılmasına çəkilən xərclərin məbləği 1.3 milyarddan 2.5 milyarda manata qədər artır. Bu təxminən büdcənin 6-7 faizə qədərdir. Əvvəlki illərdə daha çox, dövlət büdcəsinin 10 faizə qədərinin borclara yönəldildiyi illər olub. Doğrudur, beynəlxalq praktika ilə götürəndə bu yüksək göstəricidir. Məsələn, səhiyyə xərclərindən daha böyük məbləğdə vəsait borca sərf olunacaq böyükdür. Lakin büdcənin indiki imkanları çərçivəsində büdcə üçün risk yaradacaq səviyyədə deyil. Ən azı 2025-ci ilin büdcə imkanları bu hədd borc yükünü risk olmadan qarşılaya biləcək. Uzunmüddətli dövrdə, yəni neft gəlirlərinin azalacağı təqdirdə davamlı olaraq hər il bu qədər borc yükünü götürmək isə başqa sualdır. Lakin özünüz də gördünüz ki, son müşavirədə “mümkün olduğu qədər xarici borcları azaldırıq” fikri vurğulandı. Ona görə hökumət postneft dövrü üçün bu riskləri gördüyündən xarici borclardan qurtulub daha çox daxili borclanmaya getmək strategiyası yeridir.

Seçilən
84
29
anaxeber.info

10Mənbələr