AZ

Asiyada "ikinci NATO"nun yaradılması gündəmdə: Amma bu dövlətlər yeni hərbi blok istəmir...

 "Yaponiyanın yeni baş naziri Siqeru İsiba Asiya bölgəsində NATO-ya bənzər hərbi blokun yaradılmasını təklif edib. Siqeru İsiba keçmişdə ölkəsinin müdafiə naziri olub. Ona görə də o baş nazir qismində təhlükəsizlik mövzularına diqqəti artırıb.  Dehli Tokionun təklifini bəyənməyib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq,“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Yaponiyanın ABŞ-la hərbi müttəfiqliyi Hindistanı narahat edir:

"Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar bildirib ki, Hindistan Yaponiyadan fərqli olaraq heç bir dövlətin strateji müttəfiqi deyil. Hindli diplomat bu ifadəsi ilə Yaponiyanın ABŞ-ın strateji müttəfiqliyinə işarə edib. Subrahmanyam Jaishankar bununla həm də demək istəyib ki, Hindistan Qoşulmayanlar Hərəkatının üzvü kimi hərbi bloklara qoşulmur.

Yaponiya və Hindistan ABŞ və Avstraliya ilə birgə QUAD təşkilatının üzvüdürlər. Dehli ilə Tokio arasında son illərdə daha sıx münasibətlər formalaşıb. Buna baxmayaraq, Dehli bu təşkilatın hərbi blok olmadığını bəyan edib. Hindistanın xarici işlər naziri bunu bir neçə dəfə səsləndirib".

Politoloq deyib ki, buna baxmayaraq, Tokio bu təşkilatın “ikinci NATO”ya çevrilməsi ideyasından imtina etməyib: "Tokionun narahatlığı aydındır. Çinin bölgədə artan hərbi gücü, o cümlədən Çin-Rusiya birgə hərbi təlimlərinin Yaponiya sahillərində keçirilməsi Tokionu ciddi narahat edir. Yaponiya ABŞ-ın strateji müttəfiqi olsa da, ətrafında daha güclü təhlükəsizlik çəmbərinə ehtiyac duyur".

E.Şahinoğlu qeyd edir ki, Vaşinqton da Dehli kimi Asiyada “ikinci NATO” yaradılmasına müsbət yanaşmır: "ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Hind və Sakit Okean bölgəsində hərbi blok yaratmaqla bağlı tələsik qərarın verilməsinin tərəfdarı deyil.  Beləliklə, Tokio yaxın müddətdə “bölgədə ikinci NATO yaradaq” ideyasını reallaşdıra bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, Çin Tayvan adasını nəzarətə götürmək istəsin və bölgədə toqquşma baş versin. Bu halda bölgədə təhlükəsizlik strukturunun əhəmiyyəti arta bilər. Ancaq Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik, o cümlədən İsrail-İran qarşıdurması fonunda Çinin Hind və Sakit Okean bölgəsində yeni münaqişə ocağı yaratmasının ehtimalı azdır. Hindistan da Çinlə münasibətlərində suallara təğmən, “ikinci NATO”ya “hə” deməklə vəziyyətin daha da gərginləşməsini istəmir".

Nərgiz,

Sitat.info

Seçilən
68
7
sitat.info

8Mənbələr