AZ

Asiyada “ikinci NATO” – Bu, yalnız o halda baş verə bilər ki…

“Yaponiyanın yeni baş naziri Siqeru İsiba Asiya bölgəsində NATO-ya bənzər hərbi blokun yaradılmasını təklif edib. Siqeru İsiba keçmişdə ölkəsinin müdafiə naziri olub. Ona görə də o baş nazir qismində təhlükəsizlik mövzularına diqqəti artırıb. Dehli Tokionun təklifini bəyənməyib. Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar bildirib ki, Hindistan Yaponiyadan fərqli olaraq heç bir dövlətin strateji müttəfiqi deyil. Hindli diplomat bu ifadəsi ilə Yaponiyanın ABŞ-ın strateji müttəfiqliyinə işarə edib. Subrahmanyam Jaishankar bununla həm də demək istəyib ki, Hindistan Qoşulmayanlar Hərəkatının üzvü kimi hərbi bloklara qoşulmur”.

Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Yaponiya və Hindistan ABŞ,Avstraliya ilə birgə QUAD təşkilatının üzvüdür.

Politoloqun sözlərinə görə, Dehli ilə Tokio arasında son illərdə daha sıx münasibətlər formalaşıb: “Dehli bu təşkilatın hərbi blok olmadığını bəyan edib. Hindistanın xarici işlər naziri bunu bir neçə dəfə səsləndirib. Buna baxmayaraq, Tokio bu təşkilatın “ikinci NATO”ya çevrilməsi ideyasından imtina etməyib. Tokionun narahatlığı aydındır. Çinin bölgədə artan hərbi gücü, o cümlədən Çin-Rusiya birgə hərbi təlimlərinin Yaponiya sahillərində keçirilməsi Tokionu ciddi narahat edir. Yaponiya ABŞ-nin strateji müttəfiqi olsa da, ətrafında daha güclü təhlükəsizlik çəmbərinə ehtiyac duyur”.

E.Şahinoğlu deyib ki, Vaşinqton da Dehli kimi Asiyada “ikinci NATO” yaradılmasına müsbət yanaşmır: “ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, Vaşinqtonun Hind və Sakit Okean bölgəsində hərbi blok yaratmaqla bağlı tələsik qərarın verilməsinin tərəfdarı deyil. Beləliklə, Tokio yaxın müddətdə “bölgədə ikinci NATO yaradaq” ideyasını reallaşdıra bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, Çin Tayvan adasını nəzarətə götürmək istəsin və bölgədə toqquşma baş versin. Bu halda bölgədə təhlükəsizlik strukturunun əhəmiyyəti arta bilər. Ancaq Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik, o cümlədən İsrail-İran qarşıdurması fonunda Çinin Hind və Sakit Okean bölgəsində yeni münaqişə ocağı yaratmasının ehtimalı azdır. Hindistan da Çinlə münasibətlərində suallara rəğmən, “ikinci NATO”ya “hə” deməklə vəziyyətin daha da gərginləşməsini istəmir”.

Turan ORUC

Seçilən
76
7
medianews.az

8Mənbələr