AZ

"Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya hədiyyə vermək olmaz?" -Təhsil eksperti

“Müəllim günü”nü müəllimlərin peşə bayramına yox, az qala “Müəllimlərin vicdan əzabı günü”nə çevirmişik. 

Bu gün 5 oktyabr Müəllimlər Günüdür. İllərdir ki, müəyyən bayramlarda, eləcə də Müəllimlər Günündə pedaqoqlara hədiyyələr təqdim edilməsi ənənəsi var. Son illərdə isə bu ənənə bir növ rüşvət mexanizminə çevrilib. Elm və Təhsil Nazirliyi bu il də xəbərdarlıq edib ki, Müəllim Günü ilə bağlı pul yığılması hallarına yol verilməməlidir. 

 

Bəs müəllimlər necə təbrik edilməlidir? 

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib ki, 1966-cı ildə Parisdə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda bilsəydilər ki, bu gün Azərbaycanda bu dərəcədə ajiotaj yaradacaq, yerli-yersiz söhbətlərə yol açacaq, müəllimin olan-qalan nüfuzunu da zədələyəcək, 5 oktyabr tarixinin “Ümumdünya Müəllimlər Günü” kimi təsis edilməsini tövsiyə etməzdilər. 

 

N.İsrafilov qeyd edib ki, bu gün dünyanın 100-dən artıq ölkəsində “Beynəlxalq Müəllimlər Günü” qeyd edilir:

“Maraqlı olanı və təəccüb doğuranı isə odur ki, bu əlamətdar gün, bizdə bir növ müəllimlərin peşə bayramına çevrilən gün kimi deyil, valideynlər tərəfindən pul yığılması və müəllimlər tərəfindən hədiyyə alınması günü kimi təbliğ olunur. Bu kimi müzakirələr orta aylıq əməkhaqqı 5000-3000 aralığında olan Lüksemburq, Almaniya, İrlandiya, Avstraliya, Hollandiya və bir çox yüksək maaşlı ölkələrdə deyil, məhz maaşı uzun illərdir, müzakirə olunan, əməkhaqlarının nəhayət dolanışığa yetəcək qədər artacağına ümid edən müəllimlərin yetərincə olduğu ölkəmizdə aparılır”. 

 

Onun sözlərinə görə, bir vaxtlar ən müqəddəs hesab etdiyimiz və şərəfli peşə kimi dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuza sahib deyil:

“Bəlkə də müəllim qədər diqqətə, qayğıya, xüsusilə də mənəvi dəstəyə ehtiyacı olan digər ikinci peşə sahibi yoxdur. Müəllimə verilən dəyərin aşağı düşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var ki, bunlardan biri də “Müəllim Günü” ərəfəsində məktəblərdə uşaqlardan və valideynlərdən müxtəlif adlarla pul yığılması, hədiyyələr alınması barədə obyektiv və ya subyektiv fikirlər səsləndirilməsi və bu barədə müzakirələr aparılmasıdır. Sovet dövründə də məktəbə, müəllimə hörmət, diqqət, rəğbət müxtəlif hədiyyələrlə ifadə olunub, lakin bu hal indiki qədər müəllimin nüfuzuna xələl gətirməyib. Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal sanki, faciə səviyyəsində qabardılır, müəllimin nüfuzu alçaldılır”.

 

Ekspert bildirdi ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz:

“Valideynin təhsilin idarə olunmasında iştirakı və töhfəsi məsələləri “Təhsil haqqında” Qanunun, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin müvafiq bəndləri ilə tənzimlənir. Lakin hansısa məktəblərdə, hansısa konkret müəllim tərəfindən pul yığılması valideyn və uşaqların müəllimə hədiyyə verməsinə təhrik edilməsi kimi halların hər bir məktəb və müəllim üçün xarakterik olması absurddur. Demək olar ki, elə il olmur ki ,5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı yerlərə “təlimat” göndərilməsin, müvafiq tapşırıqlar verilməsin, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməz hesab edilməsin. Hətta iş o yerə çatıb ki, müəllimə hansı hədiyyə verilməsi müzakirə obyektinə çevrilib. Bundan həvəslənən və qürurlanan bir para “müəllimlər” hətta onlara hədiyyə olunan zinyət əşyalarını özlərinin hörmət və nüfuzunun göstəricisi kimi sosial şəbəkələrdə paylaşmaqdan belə çəkinməyiblər”. 

 

N.İsrafilov bildirib ki, hədiyyənin böyüyü, kiçiyi olmur və hədiyyə çeşidini kreativləşdirmək də absurddur:

“Bəlkə, kiçik bir hədiyyə ilə kimsə müəllimə öz ehtiramını bildirmək istəyir. Ehtiramdan imtina etmək isə ehtiramı göstərənə qarşı hörmətsizlikdir, sayğısızlıqdır. Əgər, kimsə müəllimini təbrik etmək istəyirsə, niyə də etməsin? Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz? Bəlkə də bahalı hədiyyə verməklə valideynin müəllimdən hər hansı bir umacağı var. Bax bu, artıq sırf vicdan məsələsidir. Valideynin bahalı hədiyəsi hesabına onun şərtlərini qəbul etmək, müəllim şərəfini və ləyaqətini itirməkdir. Belə müəllimlər fərdi qaydada cəzalandırılsalar, ictimaiyyət də agah olar ki, bu konkret fərdlər kimdir və onlar bu yolun yolçuları deyil”.

 

O, sonda qeyd edib ki, müəllimi rəsmi qaydada tənbeh etmək, cəzalandırmaq, işdən kənarlaşdırmaq olar, ancaq ictimailəşdirib qınaq obyektinə çevirmək vəziyyətdən çıxış yolu deyil:

“Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə, bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Bir para müəllim fərdinin əməlinin bütövlükdə müəllimlik məfhumunun üzərində ümumiləşdirilməsi yolverilməzdir. Buna görə də müəllim şəxsiyyətinə münasibətdə düşüncəmizi, yanaşma tərzimizi dəyişərək konkret nətcəyə gəlməliyik ki, bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin. Hesab edirəm ki, məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi” qismində önə çəkmək nəinki təhsilimizə, cəmiyyətimizə, heç şəxsiyyətimizə də başucalığı gətirmir. 

 

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”.

Müəllimə olan borcumuzu nə dərəcədə ödəmişik? Gəlin bir az da bu barədə düşünək və onu da nəzərdən qaçırmayaq ki, cəmiyyət müəllim adını yaşatmasa, müəllim də təhsili yaşada bilməz”.

 

Firuzə Əliyeva

Seçilən
143
50
gundem.az

10Mənbələr