AZ

“Düzü, “Səbail”dən ayrılanda özümü pis hiss etdim” - Mehremiç Azərbaycana qayıtmaq istəyir

Misli premyer-liqasında birinci dövrənin yekunlarına görə autsayderlər qrupunda “Səbail”, “Sumqayıt”, “Neftçi” və “Kəpəz” qərarlaşıb. “Dənizçilər” cari mövsümdə sabit oyun nümayiş etdirmir. Şahin Diniyev mövsümün əvvəlində “əminliklə deyə bilərəm ki, “Səbail” premyer-liqada qalmaq uğrunda mübarizə aparmayacaq” demişdi.

Onu da nəzərə alaq ki, komanda yayda maliyyə problemi yaşadı, əsas heyət üzvlərindən bir neçəsini itirdi. Onlardan biri də bosniyalı Adi Mehremiç idi. Onunla söhbətləşə bildik.

- Azərbaycandan gedəndən sonra bizim çempionatı izləyirsənmi? Hansı dəyişikliklər var? Kim güclənib, kim zəifləyib?
- Bəli, hələ də Azərbaycan çempionatının bir çox oyunlarına baxıram. Demək olar ki, “Səbail”in və digər komandaların da bütün oyunlarına baxmışam. Premyer-liqa ötən mövsümdən bir qədər fərqlidi. Bu mövsüm daha güclü “Turan Tovuz” və “Araz-Naxçıvan” var. Bir də mənim üçün doğma olan “Səbail”,həmçinin “Sumqayıt” və “Neftçi” zəifləyib.

- Oyunçu yoldaşlarından hansının çıxışı səni heyran edir?
- Rüfət Abdulazadə "Səbail"də yaxşı formadadı, liqanın ən yaxşı oyunçularından biri olmaq üçün böyük potensiala malikdi. İnanıram ki, gələcəyi parlaqdı. Onu belə görmək məni sevindirir.

- “Səbail” hələ ki sabit nəticə göstərə bilmir. Keçmiş kapitan kimi sabiq komandanın durumu haqda nə düşünürsən? İlk dövrənin nəticələrinə görə premyer-liqanı tərk etmək təhlükəsini nə dərəcədə mümkün görürsən?
- Komandamı bu vəziyyətdə görmək asan deyil. Pis düşünmək istəmirəm. Ümid edirəm ki, daha yaxşı formada olacaqlar və liqada qalmaq sualı yaranmayacaq.

- Bu geriləmə maliyyəilə bağlıdı, yoxsa gedənlərin yerini yeni oyunçuların doldurmaması ilə?
- Bəli, dediyiniz kimi, maliyyə çatışmazlığı klubumuz üçün böyük problem yaratdı. Mən hələ də “bizim klub” deyirəm, çünki özümü hələ də bu klubun bir hissəsi kimi hiss edirəm. Maliyyə problemi olmasaydı, məncə, ötən mövsümdəki komandanın 80 faizi qalardı, indi 100 faiz ilk “3-lük” üçün mübarizə aparardıq. Görürsüz, “Araz-Naxçıvan” heyətin 80 faizini qorudu və daha bir neçə oyunçu gətirdi. Ona görə indi ilk “üçlük” üçün mübarizə aparırlar. Ümid edirəm ki, ASCO klubumuza dəstək verəcək. “Səbail” bu idarə heyəti və təşkilatçılıq ilə çox yaxşı komanda kimi formalaşa bilər.

- “Səbail”dən ayrılmağın karyerana müsbət təsir etdi, yoxsa əksinə? Ümumiyyətlə, burda olmadığın və komandaya kömək edə bilmədiyin üçün nigaransan?
- Düzü, “Səbail”dən ayrılanda özümü pis hiss etdim. Nuno, Ramalinqom, Najah, Ramazanov, Səlahət, Adil kimi ən yaxşı oyunçuların gedişi ilə bu mövsüm çətin olacağını bilirdim. Onlar klubu tərk etdi və beynimdədüşündüm ki, “Səbail”ə kömək etmək üçün qalmalıyam. Buna görə təklifə hazır idim. Lakin klubun İdarə Heyəti məndən onlara maddi yardım, dəstək kimi müqaviləmi ləğv etməkdə kömək etməyimi istədi.

- Keçmiş komanda yoldaşlarından kimlə əlaqə saxlayırsan? Ümumiyyətlə, klubla münasibətlərin necədi?
- Mən hələ də bir çox oyunçu ilə əlaqə saxlayıram. Nuno, Ramalinqom, Nagah, Adil Nağıyev, Səlahət Ağayev, Ramazanov kimi. Bir neçə oyundan sonra Rüfətə, Yusifə, Hüseynəliyə də yazıram. Qomis, Alluş və bəzi başqa oyunçularla da münasibətim yaxşıdı. Özüm vaxtaşırı klub üzvləri ilə danışıram. Ümumiyyətlə, mən hələ də klubu doğma kimi görürəm, İdarə Heyəti də mənə bir insan və oyunçu kimi hörmət edir.

- Azərbaycandan təklif almışdınmı və ya bizim çempionatda yenidən forma geyməyi düşünürsən?
- “Səbail”dən ayrılandan sonra Azərbaycanda iki kluba keçmək şansım var idi. Təkliflərim oldu. Amma o an biz razılaşmadıq. Düzünü desəm, ya qışda, ya da gələn mövsüm qayıtmaq istəyirəm. Oğlum Bakıda doğulub, ona görə də Bakı ilə xüsusi bağlılığımız var. Mən və həyat yoldaşım Azərbaycandakı həyatı çox sevirdik. Nə olur-olsun, bu dəyişməyəcək.

- “Neftçi” və “Kəpəz”də baş məşqçi dəyişikliyi oldu. Səncə, ötən illə müqayisədə bu komandalarda nə baş verir?
-“Neftçi” və “Kəpəz” Azərbaycanın böyük, əzəli komandalarıdı. Amma artıq illərdi ki, klubun strukturunda nəsə düzgün deyil. Mən başa düşmürəm ki, onlar illərdi niyə yaxşı məşqçi ilə yaxşı komanda yarada bilmirlər.

- “Qarabağ” bu mövsüm Avropada uğurlu başlamadı. Komandanın büdrəməsinin səbəbini nədə görürsən?
- “Qarabağ” gücünü Avropa Liqasında mütləq göstərəcək. Mən onlara inanıram. Fikrimcə, ən böyük problem Yankoviçlə Vesoviçi zədə səbəbindən itirmələri, yəni onların köməyindən məhrum olmalarıdı. Çünki onlar komandaya xüsusi şeylər gətirirlər. Veşoviçin sürəti və təcrübəsi var. Yankoviç isə onların ən yaxşı oyunçusudu. Komandaya tarazlıq və yaradıcılıq gətirir. O, “Real”dakı Modriçə bənzəyir, meydanda olmayanda komanda eyni deyil. Bundan sonrakı matçlarda “Qarabağ”a uğurlar arzulayıram.

RÖYANƏ OĞUZ

Seçilən
82
50
football-plus.az

10Mənbələr