AZ

Zəngilan: Yaşıl enerji bölgəsi 

Özündə əsrlərin tarixini yaşadan qədim türk məskənlərindən biri olan Zəngilan rayonu 1993-cü ilin oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Həmin vaxta sayı 45 mindən çox olan Zəngilan əhalisi işğaldan sonra ölkəmizin 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. 27 il davam edən işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıtmış, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv etmişdilər.

27 sentyabr 2020-ci ildə başlanmış müqəddəs savaş yolunda qətiyyətlə irəliləyən müzəffər ordumuz oktyabrın 20-ci günündə Zəngilana çatdı və Zəngilan torpaqları azad edildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı müvafiq sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan şəhəri günü elan olundu.

Vaxtilə Gəncə quberniyasının tərkibində olan Zəngəzur qəzası Qubadlı, Laçın, Zəngilan, Qafan, Mehri və Sisyan rayonlarını əhatə edirdi və bütün dünya tərəfindən tarixi türk torpaqları kimi tanınırdı. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin tanınması müqabilində öz dövlətini elan etmək üçün İrəvan ərazisini əldə edən ermənilər elə o zamandan ətraf bölgələrə, o cümlədən Zəngəzur qəzasına göz dikmişdilər. Tarixdə ilk dəfə öz dövlətini elan etmiş ermənilər imperiyaya "sədaqət"ini göstərmək üçün Rusiyada hakimiyyətə gəlmiş bolşeviklərə Cənubi Qafqazı işğal etmək üçün hər cür yardım göstərirdilər.

1920-ci il aprelin 28-də müstəqil Azərbaycanın işğalından sonra ermənilər metropoliyadan öz mükafatını tələb etməyə başladılar. Lenin hakimiyyəti Zəngəzur qəzasının yalnız 3 bölgəsini - Laçın, Qubadlı və Zəngilan rayonlarını Azərbaycan ərazisində saxlamaqla Zəngəzur torpaqlarının şimal-qərb hissəsini sovet Ermənistanına birləşdirdi. Bununla da ərazinin tarixi, iqtisadi və demoqrafik tarazlığı pozuldu və ermənilərin gələcəkdə daha geniş ərazilərə iddia etməsi üçün zəmin yarandı.

2020-ci il oktyabrın 20-də erməni işğalından azad olunmuş Zəngilanın ilk görüntüləri ürək ağrıdıcı idi. Digər bölgələrimizdə olduğu kimi, erməni vandalları Zəngilanı da yerlə yeksan etmiş, yüzlərlə tarixi-mədəni abidələrimizi, o cümlədən tarixi bizim eradan əvvəlki dövrlərə aid olan qədim nekropolları da dağıdaraq Zəngilan ərazisindəki faydalı qazıntı yataqlarını qeyri-leqal olaraq istismar etmişdilər. Rayon ərazisi vulkanik materiallarla yanaşı, həm də bir sıra faydalı qazıntılarla - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı və susuzlaşdırılmış soda üçün əhəng daşı ilə zəngindir. Rayon ərazisindən keçən bol sulu Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları işğal dövründə həddindən artıq çirkləndirilmişdi. Rayonun meşə örtüyü qırılıb yandırılmış, bütövlükdə bölgənin ekologiyasına uzun müddət bərpa oluna bilməyəcək dərəcədə ziyan vurulmuşdu.

Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədən işğalçılar rayon ərazisindəki təbii yataqları vəhşicəsinə istismar edərək “Bəsitçay” təbiət qoruğundakı nadir Şərq çinarlarını kökündən kəsib yandırmışdılar. Ermənistandakı Qacaran mis-molibden və Qafan filiz saflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı sularının Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirməsi nəticəsində təbiətə, ətraf mühitə ciddi ziyan dəymiş, çaydakı nadir balıq növləri məhv olmuşdu.

Zəngilanın işğaldan azad edilməsi xalqımızın mənəvi bütövlüyünün bərpası demək idi. Zəngilanın işğaldan azad olunması ilə 132 kilometrlik Azərbaycan-İran sərhədi tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi mühəndis-istehkam qurğuları tikildi və geniş miqyaslı sərhəd mühafizə tədbirləri görüldü. Bu gün İran-Azərbaycan sərhədi sülh və əmin-amanlıq sərhədidir.

Zəngilan indi də keçmişdə olduğu kimi Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən bölgədir. Zəngəzur dəhlizi ölkəmizin qərb bölgələrini Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək. Bu dəhlizin açılması ilə uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasının nəinki qərb bölgələrimizlə, eyni zamanda, bütün bölgə dövlətləri ilə birbaşa əlaqəsi təmin olunacaq. Bu, həm də tarixi Azərbaycan ərazisi olan qədim Zəngəzura yenidən qayıdışımızı təmin edəcək.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolu Böyük İpək Yolunun bərpasını təmin edəcək Zəngəzur dəhlizinin vacib seqmentidir. Dəhlizin açılması strateji məqsədlərimizə xidmət etməklə yanaşı, həm də geniş iqtisadi perspektivlər açacaq.

Azad Zəngilan Böyük Qayıdışın ilk ünvanlarından biridir. Vətən müharibəsindən dərhal sonra başlanmış bərpa-quruculuq işləri ardıcıl olaraq davam etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi iştirakı və nəzarəti ilə Zəngilanda aparılan quruculuq işləri müasirliyi və innovativliyi ilə bir çox dünya ölkələrinin də diqqətini cəlb edir.

Ölkə Prezidentinin Zəngilana, o cümlədən işğaldan azad olunmuş bütün bölgələrimizə müntəzəm səfərləri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir və özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, erməni vandalizmindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir.

Bu ilin 3 oktyabrında Prezidentin Zəngilana səfəri təkcə zəngilanlıların deyil, hər bir azərbaycanlının böyük sevincinə səbəb oldu. Zəngilanın gündən-günə abadlaşan və gözəlləşən görkəmi, yeni yaşayış, təhsil, istirahət komplekslərinin tikintisi və istifadəyə verilməsi deyilənlərin əyani təsdiqidir. Artıq Zəngilan iqtisadi mühiti təkcə quruculuğun deyil, eyni zamanda texniki tərəqqinin əhəmiyyətli mərhələsini yaşayır. Bu yaxınlarda ölkə başçısının açılışında iştirak etdiyi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi məhz belə müəssisələrdəndir. Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.

Həmin səfər çərçivəsində Prezident həm də “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışını etdi. “Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulu ilə tikilən 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlət başçısının iştirakı ilə istismara verilib.

Yaşıl enerji zonası konsepsiyasına uyğun layihələndirilən “Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda suyun azaldığı məqamda özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.

Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda “Şayıflı” SES-də istehsal olunan yaşıl enerjinin də sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub.

“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur. “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük enerji mənbəyidir. Yerli mütəxəssislər tərəfindən layihələndirilmiş və tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya potensial gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerji sisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.

Ümumilikdə isə bu günədək “AzərEnerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz yaşıl enerji istehsal edilir.

Prezident İlham Əliyevin regionun yaşıl enerji zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə yaşıl enerji hesabına təmin edilir.

Ölkəmizdə ilk “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının məhz Zəngilanda tətbiq olunması, bütövlükdə rayonun “yaşıl enerji” zonasına çevrilməsi ilə Zəngilan dünyanın ən müasir yaşayış məntəqələrindən biri olacaq. Zəngilanda hava limanının mövcudluğu isə tezliklə bölgəni tanınmış turizm ünvanlarından birinə çevirəcək.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı, fəlsəfə doktoru

Seçilən
67
45
modern.az

10Mənbələr