AZ

COP29 Hazırlıqları: IMF ilə iqlim davamlılığı müzakirələri, Pərviz Şahbazovun enerji təchizatı ilə bağlı Çin forumunda çıxışı və Elnur Soltanovun dayanıqlı nəqliyyat üzrə görüşü

COP29 sədrliyi ilə Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva iqlim davamlılığı üçün maliyyə islahatlarını müzakirə edib.

Fins.az xəbər verir ki, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, maliyyə naziri Samir Şərifov iştirak edib.

Tərəflər iqlim davamlılığı üçün maliyyə islahatlarını və həllərini genişləndirməyi müzakirə edib.

Qeyd edilib ki, müzakirələr dayanıqlı, iqlimə uyğun inkişafı təmin etmək üçün qlobal maliyyə sistemlərini COP29 məqsədləri ilə uzlaşdırmağa yönəlib.

* * *

Bazar sabitliyi, etibarlı təchizat və bərpa olunan enerjidə dəyişkənliyin səmərəli idarə edilməsi üçün diversifikasiya vacibdir.

Fins.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov Çində Kəmər və Yol Enerji Nazirlərinin iclası çərçivəsində keçirilən “İnnovativ texnologiyaların səmərəliliyindən istifadə edərək enerji təhlükəsizliyini gücləndirmək” adlı Forumda enerji təchizatını daha da şaxələndirmək üçün enerji bağlantıları üzrə əməkdaşlıq mövzusunda çıxışı zamanı bildirib.

Çıxışda diversifikasiyanın bərpa olunan enerji mənbələrinə əsaslanan müasir qlobal enerji arxitekturasının da əsas prioritet olduğu vurğulanıb. O bildirib ki, enerji təhlükəsizliyi və şaxələndirmənin sadəcə seçim deyil, vacib zərurət olduğu bir dünyada yaşayırıq.

Qeyd olunub ki, Azərbaycanın təşəbbüsü olan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələri tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Adriatik dənizləri ilə birləşdirərək, Avropanın enerji xəritəsini dəyişən, şaxələndirilmiş enerji mənbələri və marşrutlarının unikal modelinə çevrilib: “Şaxələndirilmiş marşrutlar sayəsində Azərbaycan 10 ölkəni qaz, 30-a yaxın ölkəni isə neftlə təchiz edir. Ötən il neft ixracımızın 75 %-i, qaz tədarükümüzün isə 50%-i Avropanın payına düşüb. Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu sübuta yetirib. İndi isə ölkəmizin enerji təchizatında rolunu “yaşıl enerji” ilə daha da şaxələndirən və genişləndirən strateji əhəmiyyətli gündəlik həyata keçirilir. Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətlərində “yaşıl enerji dəhliz”lərinin yaradılması bu gündəliyin mühüm prioritetləridir,”- deyə nazir bildirib.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin hesabatının COP29 çərçivəsində keçiriləcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə təqdim ediləcəyi, 2025-ci ildən isə layihənin fəal icra mərhələsinə daxil olacağı bildirilib. “Yaşıl Enerji Zonası” Konsepsiyasının tərkib hissəsi kimi reallaşdırılan və 1 QVt ötürmə gücünə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin isə texniki-iqtisadi əsaslandırmasına başlanıldığı, həmçinin COP zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı barədə məlumat verilib.

Energetika naziri deyib ki, bu dəhlizlər şəbəkə dayanıqlığının artırılmasında, regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində və balanlaşmanın təmin edilməsində interkonnektorların mühüm rolu ilə bağlı qlobal çağırışlara cavab verən unikal layihələrdir. Təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yə keçidi sürətləndirəcək bu “yaşıl enerji dəhliz”ləri “Kəmər və Yol” təşəbbüsünün də enerji təhlükəsizliyi, ekoloji dayanıqlılıq və iqtisadi inkişafla bağlı məqsədlərinə töhfə verəcək.

Həmçinin Azərbaycanın “yaşıl enerji dəhliz”ləri və interkonektorların inkişafını özünün COP29 Sədrliyinin əsas enerji təşəbbüsü kimi elan etdiyi də diqqətə çatdırılıb.

* * *

Nəqliyyat sektoru Azərbaycandakı emissiyaların təxminən 15 %-ni təşkil edir.

Fins.az xəbər verir ki, bu barədə energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə deyib.

“Emissiyaların təxminən 5 %-i hava nəqliyyatının, 2 %-i dəniz nəqliyyatının, 1 %-i isə dəmir yollarının payına düşür”, - E. Soltanov bildirib.

Nazir müavini bildirib ki, 2022-ci ildə Azərbaycanın ümumi emissiyaları təxminən 61 milyon tondan çox olub: “Azərbaycanın emissiyaları qlobal emissiyaların təxminən mində biri səviyyəsindədir”.

Onun sözlərinə görə, Azərbaycan üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədi hazırlanıb: "İqlim müzakirələrinin əsasını həmin sənəd təşkil edir, çünki ölkələrin öhdəlikləri və iqlim fəaliyyət planları bu sənəd vasitəsilə ortaya qoyulur”.

Qeyd edək ki, NDC sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35 % azalmanın saxlanılmasını hədəf kimi götürülüb.

Son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0,4-1,3oC-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanmışdır. Belə ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində orta illik temperaturun 1,1-1,3°C artması müşahidə olunur. Azərbaycanda aparılan tədqiqatlarə əsasən 1961-1990-cı illərlə müqayisədə 1991-2012-ci illərdə temperatur artımı temperatur artımı 0,2-1,5°C intervalında dəyişib. Son on illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb.

Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas, inkişaf etməkdə olan ölkədir. İstilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0,1 %-ni təşkil edir.

* * *

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev videobağlantı vasitəsilə Millətlər Birliyinin konfransında iştirak edib. Konfransda inkişaf etməkdə olan kiçik ada ölkələrinin üzləşdiyi iqlim problemləri müzakirə olunub.

Fins.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

“COP29 Sədrliyi Birlik ölkələri ilə birgə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) iqlim müzakirələrinin mərkəzində olması üzərində işləyir. Birlik ölkələrinin hökumət başçılarının iclasında çıxış edən M.Babayev SIDS-in COP29-da iştirakında Azərbaycanın maraqlı olduğunu təsdiqləyib. Bu təşəbbüslər COP29 Sədrliyinin iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrin səsinin eşidilməsini təmin etmək öhdəliyinə sadiqliyini əks etdirir”, - məlumatda qeyd olunub.

* * *

COP29 konfransına hazırlıq prosesi çərçivəsində oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq.

Bu barədə Fins.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinqə COP29 avtomobil və avtobuslarla yanaşı həmçinin təcili tibbi yardım maşınları, eləcə də yanğınsöndürmə maşınları cəlb ediləcək.

Qeyd edək ki, monitorinqlərin aparılması məqsədilə şəhərin bəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək, daha ətraflı məlumat yaxında açıqlanacaq. Bundan əlavə, 26 və 27 oktyabr tarixlərində əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın küçə və prospektlərində COP29 məxsus avtobusların da monitorinqi baş tutacaq.

Seçilən
76
45
fins.az

10Mənbələr