2024-сü ilin 28-29 oktyabr tarixlərində Rusiya Federasiyasının Kazan şəhərində BRICS üzv ölkələrinin milli statistika xidmətləri rəhbərlərinin 16-cı görüşü keçirilir. Tədbirdə qonaq qismində ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.
"Unikal" xəbər verir ki, tədbir statistik istehsalın modernizasiyası, statistika peşəsinə müasir tələblər, Rusiyada və BRICS ölkələrində statistika cəmiyyətinin inkişafına dair sessiyalardan ibarətdir.
Görüş çərçivəsində rəsmi statistikanın inkişafı ilə bağlı 2030-cu il hədəflərini özündə əks etdirən milli strategiyalar, siyahıyaalmalar, dayanıqlı inkişaf məqsədləri göstəriciləri, irihəcmli məlumatlara dair BMT qlobal platforması, statistik məqsədlər üçün məlumatların yeni toplanma üsulları və statistik nəşrlərin təkmilləşdirilməsi, məlumat ekosistemində yeni inkişaf dövrü və rəqəmsal həllər, smart statistika, süni intellektdən statistik məqsədlər üçün istifadə, turizm statistikasının təkmilləşdirilməsində irihəcmli və geoməkan məlumatlardan istifadə, metaməlumatlar və yeni statistik məlumat mübadiləsi standartlarının tətbiqi, biznes reyestr, statistik məlumatların keyfiyyətinin təmin olunması üçün keyfiyyətin idarəolunması sistemi, statistik təhsil və bu sahədə prioritetlər və problemlər müzakirə edilir.
Tədbir çərçivəsində BRICS ölkələrində birgə statistik nəşrlərin və əsas statistik göstəricilərin onlayn platformaları haqqında təqdimatların edilməsi də nəzərdə tutulmuşdur.