AZ

"Gürcü arzusu" Tiflisdə cüzi fərqlə uduzub- inanılmaz...

Image

Abutalıb Səmədov: "Paytaxtda müxalifətin qalib gəlməsi kifayət qədər ciddi məsələdir"

Tiflisin bütün rayonlarında keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" – Demokratik Gürcüstan Partiyası uduzub. Bu barədə Gürcüstan Mərkəzi Seçki Dairəsindən məlumat verilib.

Belə ki, Tiflisdə səslərin 100 faiz sayılmasından sonra hakim partiyanın burada 50 faizdən də az səs topladıği bəlli olub.

"Gürcü Arzusu" Partiyası Vake, Saburtalo, Qldani, Samqori, İsani, Mtaçminda, Krtsanisi, Çuqureti, Nadzaladzevi və Didube rayonlarında ümumilikdə 45.54, müxalifət partiyaları isə 45.8 faiz səs toplayıb.

Bütün Gürcüstanda qalib gələn hakim partiya nəyə görə paytaxtda az fərqlə də olsa uduzdu?

Bununla bağlı şərhini aldığımız Abutalib Səmədov bildirdi ki, hakim partiyanın Tiflisdə seçkiləri uduzması onu göstərir ki, siyasi cəhətdən daha hazırlıqlı, daha fəal mövqe tutan seçici "Gürcü arzusu" partiyasını əyalətlərdə olduğu kimi o qədər də dəstəkləmir: "Çünki seçicilərin paytaxtda daha çox informasiya almaq imkanı var, insanlar daha fəaldır, partiyalar daha fəal iş aparırlar. Ona görə də paytaxt seçicileri dünyada və ölkədə baş verənləri daha yaxşı bilirlər. Paytaxt əhalisinin müxalifətə daha çox səs verməsi ciddi siqnal da ola bilər.

Digər tərəfdən, müxalifət seçkinin saxtalaşdırıldığını, kütləvi seçki pozğunluğunun baş verdiyini iddia edir. Paytaxtda hakim partiyanın uduzması bunun nümunəsi ola bilər - çünki paytaxtda, əhalinin aktiv olduğu məkanda seçkini saxtalaşdırmaq asan iş deyil. Əyalətlərdə isə bu işi görmək daha rahatdır. Tamamilə mümkündür ki, müəyyən saxtakarlıqlar baş verib. Hələlik müxalifət ciddi faktlar ortaya qoya bilməyib. Ancaq ola bilsin, müxalifət yaxın günlərdə materiallar toplayıb sübut etsin ki, seçkilərdə saxtalaşdırma halları kifayət qədər olub. Daha çox seçicilərin pulla ələ alınmasından və inzibati resurslardan istifadədən danışılır ki, bu da təbii hal sayıla bilər. Bütün dünyada seçicilərin pulla elə alınmasında müxtəlif formalardan istifadə edilir. Hətta, ən demokratik ölkələrdə belə hallara rast gəlinirsə, Gürcüstanda seçicilərin pulla ələ alınması qeyri-adi hadisə kimi qarşılanmamalıdır. Belə faktlar təsdiqlənsə0, onu icra edən şəxslər cəzalandırılmalıdır.

Bütövlükdə, "Gürcü arzusu" partiyasının qələbəsinin ədalətli və ya ədalətsiz olmasını yaxın günlərdə baş verən hadisələr göstərəcək. Seçicilərin böyük kəsimi etiraz aksiyalarına qoşulsa və hakimiyyət zor tətbiq etmək imkanına malik olmasa, bu təkcə paytaxtda deyil, müxalifətin əyalətlərdə də kifayət qədər dəstəyə malik olduğunun göstəricisi sayılacaq. Gürcüstan əhalisi bu baxımdan kifayət qədər fəaldır, kütləvi tədbirlərə də meyllidirlər. Əgər etiraz aksiyalarına az adam qoşulsa hüquq-mühafizə orqanları bunun qarşısını asanlıqla alacaqlar və bu bir daha göstərəcək ki, "Gürcü arzusu" partiyasına qarşı müxalifətin iddia etdiyi qədər etirazçılar mövcud deyil.

Seçkilərin nədən bu cür nəticələndiyini aydınlaşdırmaga çalışsaq, iki mühüm məqamı qeyd etməliyik. "Gürcü arzusu" partiyası nəyin hesabına kifayət qədər səs toplaya bildi?

Birincisi, son illərin hadisələri göstərdi ki, Qərbə güvənib, qısa müddətdə ciddi nəticələrə nail olmaq qeyri-mümkündür. Buna görə də Qərbə yaxınlaşmaq xəttini tutan "Gürcü arzusu" partiyası son dövrlər bu siyasətdən imtina etmək qərarına gəldi. Çünki 2008-ci ildə Gürcüstanın 20 faiz ərazisi Rusiya tərəfindən işğal olunub, aradan 16 il keçib, Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Qərb heç bir addım atmayıb və yaxud ata bilməyib. Bu baxımdan "Gürcü arzusu" partiyasının da Qərbdən uzaqlaşmaq və Rusiyaya yaxınlaşmaq siyasətinin kökündə ərazi bütövlüyünün bərpa edilməsi planları durur. Görünür, Rusiya ilə müəyyən razılaşmalar da var.

Müxalifəti Qərbin agentləri adlandıran hakimiyyət nümayəndələri bu amildən kifayət qədər istifadə etdilər. Həm Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməməsi istiqamətində Qərbi fəaliyyətsizlikdə günahlandırdılar, həm də müxalifətin Gürcüstanın deyil, Qərbin maraqlatını müdafiə etdiklərini söylədilər.

İkincisi, Ukrayna amilindən kifayət qədər istifadə edildi. Hətta təbliğat plakatlarında da Ukrayna ilə bağlı şəkillər öz əksini tapdı. Onların təbirincə, Qərbə düşünmədən yaxınlaşmanın nəticələri Ukrayna nümunəsində əyani şəkildə görünür. Bugünə qədər də Ukrayna hakimiyyəti yanlış siyasət yürütdüyünə görə ölkədə vəziyyət günü-gündən pisləşir. Dağılan şəhərlər, ölən uşaqlar, qocalar - dinc insanlar, didərgin düşən milyonlarla vətəndaş ortadadır. Ölkənin 125 min kv/km. ərazisi Rusiyanın işğalı altına düşüb. "Gürcü arzusu" partiyası "seçkiləri müxalifət udsa Gürcüstanı da bu gözləyir" təbliğatını apardı və müəyyən qədər də istəyinə nail ola bildi. Amma buna nə qədər nail ola bildi, seçkilərdə elan edilən nəticələr nə qədər həqiqətə uyğundur, bunu araşdırmalar və baş verən hadisələr göstərəcək.

Məlumdur ki, Exit poll keçirən təşkilatlar müxalifətin qalib gəldiyini söyləyirlər. Exit poll-un nəticələri paytaxtdakı seçki nəticələrinə uyğun gəlir. Lakin Exit pol yalnız paytaxtdamı keçirildi, yoxsa əyalətlərdə də bu sorğu baş tutub, bu hələ tam aydın deyil. Bununla belə paytaxtda müxalifətin qalib gəlməsi kifayet qədər ciddi məsələdir.

Fikrimcə, seçkilərin nəticəsini hakim partiya qəbul elətdirə bilsə də, qarşıda onu kifayət qədər çətin günlər gözləyir - ölkəni idarə etmək əvvəlki dövrlə müqayisədə daha çətin olacaq".

Dəniz NƏSİRLİ





Seçilən
109
46
baki-xeber.com

10Mənbələr