Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb. Məlumata görə, Bakı vaxtı ilə saat 10:39-da qiymətli metalın dekabr fyuçersi 0,69 % artaraq 1 unsiya üçün 2800,25 ABŞ dolları səviyyəsinə çatıb.
Analitiklər qızıl bazarındakı yeni rekordu ABŞ-dəkı seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik, həmçinin Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlıqlarla əlaqələndirirlər. Bu amillər təhlükəsiz aktivlərə olan tələbatı artırır: investorlar qızılı geosiyasi və iqtisadi risklərdən qorunma vasitəsi kimi görürlər.
Bu barədə Moderator.az-a iqtisadçı Elçin Rəşidov açıqlama verib.
Elçin Rəşidov qeyd edir ki, qeyri-müəyyənlik dövründə insanlar yatırımlarını qızıla dəyişirlər:
" O baxımdan qızıla investisiya hazırkı dövrdə doğru qərardır. Qızılın qiymətindəki baş verən dəyişmələr insanların investisiya seçimləri ilə əlaqəlidir. Çaxnaşmalardan, böhranlardan əvvəl bizneslərin, səhmlərin, qiyməti ucuzlaşır. Belə fonda insanlar pullarını qızıla yatırır və nəticədə onun qiyməti artır. Bəzən də insanlar məhz fiziki şəkildə qoruya biləcəkləri investisiyaya yatırım edirlər. Çünki insanların sistemlərə inamı azalır, belə olan halda, riskləri nəzərə almalı olurlar".
E.Rəşidov bildirir ki, investisiya saytlarında qızılın növlərinə görə qiymətləri də dəyişir:
Qızılı həmin saytlardan da almaq mümkündür. Onlar daşınmanı da daha rahat edirlər, amma həmin saytların yerləşdiyi ölkənin nə qədər risk altında olması da mühüm rol oynayır. Unutmayaq ki, qızıla yatırım etmək o demək deyil ki, bu, sizi yüz faiz irəli aparacaq və vəsaitinizi maksimum səviyyədə qoruyacaq. Əgər artım olarsa, əlavə qazanc da əldə etmək mümkündür”.
İqtisadçı hesab edir ki, yatırım edərkən istənilən halda riskləri və təhlükələri də nəzərə almaq lazımdır:
“Qızılı hər kəs alıb saxlaya bilir, amma onu fiziki şəkildə qorumaq risklidir. Təbii ki, digər yatırım növlərində də başqa risklər mövcuddur. İnsanlar riskləri və əllərindəki vəsaiti gözdən keçirərək qərar verirlər. Risklərin idarə edilməsinin əsas metodologiyalarından biri də budur ki, bütün vəsaiti bir yatırıma ayırmaq düzgün deyil. Əldə olan vəsaiti bir neçə investisiya növünə yatırmaq daha məqsədəuyğundur. Vəsaitin bir hissəsini qızıla investisiya edə bilərsiniz. Təbii ki, vəsaitin nə qədərini məhz qızıla yatırmaq məsələsi individualdır. Bu, sizin yaşadığınız ölkədən, oradakı vəziyyətdən asılıdır”.
Azərbaycanda qızıl bazarındakı vəziyyətin dünyada baş verən proseslərlə tənzimləndiyini deyən ekspert vurğulayır ki, dünyada çaxnaşmalar azaldıqca qızılın qiyməti stabilləşə bilər:
“Hazırkı vəziyyətdə isə bunu demək mümkün olmayacaq. Yaxın gələcək üçün proqnoz budur ki, qızılın qiyməti növbəti rekord hədlərə çatacaq. Dünya qızıl bazarında hansı proseslər baş verəcəksə, Azərbaycan üçün də eyni vəziyyət gözlənilir. Çünki ölkəmizin qızıl bazarı da dünyadakı proseslərlə tənzimlənir”.
Mehin Mehmanqızı