"Getdikcə daha təcrübəli komanda olacağıq".
Apasport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Portuqaliyaya 0:4 hesabı ilə uduzduqları Avropa çempionatının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
Mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib:
"Çünki rəqib çox keyfiyyətli komanda idi. Üstəlik, öz meydanlarında çıxış edirdilər. Biz isə Bakıdakı görüşdən sonra səhvlərimizin üzərində çalışmışdıq. Budəfəki matça yüksək səviyyədə hazırlaşmışdıq. İlk dəqiqələri yaxşı keçirdik. Lakin Portuqaliya kimi komandalar səhvdən maksimum yararlanmağı bacarırlar. Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik. Peritan Bozdağın 71-ci dəqiqədə qırmızı vərəqə alması da komandamıza mənfi təsir etdi. Ondan sonra futbolçularımız daha çox qaçmaq məcburiyyətində qaldılar. Belədə səhvlər qaçılmaz olur".
Əsgərov Portuqaliya yığmasının üçüncü qolu vurduğu epizodda hakimin səhv qərar verdiyini söyləyib:
"Belə penaltini necə vermək olar? 3 qol buraxdıqdan sonra komandada istər-istəməz eniş yaranır. Düzdür, Portuqaliya ilk matçda da 4 qol vurmuşdu. Evdə heç olmasa qol vurmuşduq. Təəssüf ki, cavab görüşündə bunu reallaşdıra bilmədik. Nəticəyə görə təəssüflənirik. Bundan sonra önümüzə baxmalıyıq. Portuqaliya ilə oyunlar komandamıza böyük təcrübə qatdı. C Liqasındakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq ki, yenidən B Liqasına qayıdaq. Getdikcə daha təcrübəli komanda olacağıq”.
Qeyd edək ki, Bakıda keçirilən ilk matçda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanmışdı.
Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Marko Yankoviç: “Titullara və inanılmaz anlara köklənəcəyik”
Azərbaycan Kuboku: Bu gün daha 4 oyun baş tutacaq - YENİLƏNİR
Bakıda UEFA-nın məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək
Millimiz Serbiya ilə qarşılaşacaq - YENİLƏNİR