“Portuqaliya ilə oyunlar komandamıza böyük təcrübə qazandırdı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində səfərdə Portuqaliya yığması ilə keçirilmiş cavab oyunu (0:4) ilə bağlı AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, matçın çətin keçdiyini bildirib: “Çünki rəqib çox keyfiyyətli komanda idi. Üstəlik, öz meydanlarında çıxış edirdilər. Biz isə Bakıdakı görüşdən sonra səhvlərimizin üzərində çalışmışdıq. Budəfəki görüşə yüksək səviyyədə hazırlaşmışdıq. İlk dəqiqələri yaxşı keçirdik. Lakin Portuqaliya kimi komandalar səhvdən maksimum yararlanmağı bacarırlar. Rəqibin təzyiqi altında istədiyimiz oyunu davam etdirə bilmədik. Peritan Bozdağın 71-ci dəqiqədə qırmızı vərəqə alması da komandamıza mənfi təsir etdi. Ondan sonra futbolçularımız daha çox qaçmaq məcburiyyətində qaldılar. Belədə səhvlər qaçılmaz olur”.
Mütəxəssis Azərbaycan millisinin qapısına vurulan üçüncü qoldan öncə təyin olunan penaltinin yanlış qərar olduğunu söyləyib: “Belə penaltini necə vermək olar? 3 qol buraxdıqdan sonra komandada istər-istəməz eniş yaranır. Düzdür, Portuqaliya ilk matçda da 4 qol vurmuşdu. Evdə heç olmasa, biz də fərqlənmişdik. Təəssüf ki, cavab görüşündə bunu reallaşdıra bilmədik. Nəticəyə görə heyfislənirik. Bundan sonra önümüzə baxmalıyıq. C Liqasındakı matçlarda maksimum gücümüzü ortaya qoyacağıq ki, yenidən B Divizionuna qayıdaq. Getdikcə daha təcrübəli komanda olacağıq”.
Qeyd edək ki, Bakıda keçirilmiş ilk matçda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanmışdı.