AZ

COP29 zamanı 60 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək - Vüqar Qurbanov

COP29 zamanı 60 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək.

Olaylar xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

"Tədbir zamanı təcili tibbi yardım göstərəcək 60 briqada (həkim, orta tibb işçisi, sürücü) üçün nəzərdə tutulan əməkdaşların siyahısı hazırlanıb, eləcə də nəzərdə tutulan 60 ədəd yeni ambulans (İVECO markalı) artıq təhkim olunub. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçirildiyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ehtiyat ambulans və briqadalar da hazır vəziyyətə gətirilib.

Təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl və təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 488 nəfər artıq təlimləri uğurla başa vurub. Bura daxildir həkimlər, orta tibb işçiləri və sürücülər. Dil bilgilərini təkmilləşdirmək üçün ingilis dili kurslarında isə 331 nəfər iştirak edib", - deyə V.Qurbanov bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
10
olaylar.az

10Mənbələr