Rusiyadan Azərbaycana ekstradisiya olunan beş nəfərdən biri tanınmış biznesmendir.
“Repot” xəbər verir ki, tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Qədim Ədilov Rusiyadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
O, külli miqdarda dələduzluqda ittiham olunub. 2019-cu ildə həbs edilsə də, sonrada şərti azadlığa buraxılıb. Daha sonra istintaqdan yayınaraq Azərbaycandan qaçıb. Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Qədim Ədilovun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.
Belə ki, hələ 2017-ci ildə bir qrup sahibkar Qədim Ədilov barəsində ölkənin baş prokuroruna müraciət ünvanlayaraq, onun 2014-cü ildə hər bir vaqon taxta məhsulunu 8-10 adama “sataraq” pulları mənimsədiyini və nəticədə heç kəsə heç bir mal vermədən tikinti bazarında, özəlliklə taxta-şalban biznesi ilə məşğul iş adamlarının hər birinə 100 min dollardan 200 min dollara qədər pul “atıb”. İddiaya görə, inşaat malları bazarında, sadəcə, yeddi nəfərin 750 min dollar, ümumilikdə 10-15 nəfərin 1 milyon 800 min dollar pulu Qədim Ədilov tərəfindən mənimsənilib.
Müraciət edən sahibkarlar əlavə ediblər ki, 2015-ci il oktyabrın 10-da şikayətləri əsasında Q.Ədilov barəsində CM-in 178.2.2 və 178.3.2 maddələri ilə 150066098 nömrəli cinayət işi başlanıb: “Sonradan dələduzun özü kimi dələduz məsləhətçiləri onun adını “MTN işi” üzrə “zərərçəkmişlər” siyahısına saldırıblar, bundan sonra o, havadarları vasitəsi ilə cinayət işinin xitamına nail olub”.
Qədim Ədilov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən qismində ifadsəsində ibtidai istintaqda generalın onu döyüb təhqir etdiyini deyib:
“3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu.
Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub.
Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim “Range Rover” avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki “Makarov” tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar”.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.