Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir.
Tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Qədim Ədilov Rusiyadan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Onun külli miqdarda dələduzluqda ittiham olunub. 2019-cu ildə həbs edilsə də, sonrada şərti azadlığa buraxılıb. Daha sonra istintaqdan yayınaraq Azərbaycandan qaçıb. Azərbaycan məhkəmələri tərəfindən barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Qədim Ədilovun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.
Onu da qeyd edək ki, Qədim Ədilov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən olub.
O, Akif Çovdarovun cinayət işi üzrə ibtidai istintaqda generalın onu döyüb təhqir etdiyini deyib:
"3-cü mərtəbəyə qalxdıq, dəhlizin sonuna qədər gedib qəbul otağı olmayan otağa daxil olduq. Orada əvvəllər cəmi bir dəfə gördüyüm Çovdarov masanın baş tərəfində oturmuşdu. Natiq Hümbətov və Akif sağında, Səlim (MTN-çi) solunda oturmuşdu.
Mən otağa daxil olan kimi Akif Çovdarov stuldan qalxıb heç nə demədən məni yumruqla, təpiklə döyməyə başladı. Ona etiraz etmək istəyəndə bu dəfə əllərimi rezin kəndirlə kresloya bağladı. Dəyənəyi götürüb baş və boynuma zərbələr endirməyə başladı. Huşumu itirdim. Özümə gələndə gördüm ki, Çovdarov yerində oturub.
Məndən tələb etdi ki, bir həftə ərzində 300 min dollar və idarə etdiyim "Range Rover" avtomobilini bir həftə ərzində onlara verim. Masanın üstündəki iki "Makarov" tapançasını göstərib dedi ki, əks halda bu silahlar sənin üstündən çıxacaq və məni MTN-in zirzəmisinə salacaqlar".
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib. Daha sonra general-mayor rütbəsindən də məhrum edilib, 2020-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.//Report.az