Xatırladaq ki, bir müddət əvvəl Təhsilin İnkişaf Fondundan bildirildi ki, oktyabrın 15-dən etibarən 11 universitetdə vahid tələbə kartı tətbiq olunacaq. Bir çoxları bunu səbrsizliklə gözləsə də, kartlar hələ də tələbələrə verilməyib.
MÖVZU İLƏ BAĞLI:
Kadr ehtiyatını təmin etməyən UNİVERSİTETLƏR – Məzunlarının taleyi ilə niyə MARAQLANMIRLAR?
Bəs bunun səbəbi nədir? Vahid tələbə kartlarnın tətbiqi niyə gecikir?
Təhsilin İnkişafı Fondu Layihələrin idarə olunması şöbəsi İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis Nərgiz Qədirova Bizim.Media-ya açıqlamasında bildirib ki, kartlar hazırdır, hissəli formada Bakıya gəlirdi: “Onların üzəri sadə, ağ idi. Məlumatlar yapışdırılıb, bütün texniki prosedurlardan mərhələli şəkildə keçir”.
Qurum rəsmisi kartların noyabrın 4-dən tətbiq olunacağı 2 universiteti də açıqlayıb:
"Birinci gündən bu kartlar etibarən Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələrinə təqdim ediləcək. Daha sonra isə növbəli şəkildə digər universitetlərə də veriləcək”.
Bu kartlar ilk olaraq hansı kurslara veriləcək?
"İlk olaraq üstünlük I kurs tələbələrinə veriləcək. Çünki onların təqaüd məsələləri və s var. II, III və IV kurs tələbələrinin artıq kartları var deyə sadəcə əvəz ediləcək, təqaüdlərinin gecikməyinə problem yaşanmayacaq. Düşünürəm ki, çox qısa zamanda bu kartlar bütün universitetlərə, bakalavr, magistratura, doktorantura tələbələrinə veriləcək. Proses 1-2 həftə çəkə bilər",- deyə Nərgiz Qədirova bildirib.
Qeyd edək ki, tələbə kartları tələbələr üçün xüsusi endirimləri, müxtəlif sahələrdən onların rahat istifadəsini nəzərdə tutur. Gələcəkdə isə bu, nəqliyyat, sosial və s. kimi xidmətlərə də şamil ediləcək.
Nəzrin Mirzəyeva, Bizim.Media