AZ

İşğaldan azad edilmiş ərazilərdə tibbi aksiya keçirilib - FOTO

Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən, TƏBİB, Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, “Paşa Holding” və “PAŞA Sığorta”nın dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya baş tutub.

Bizim.Media xəbər verir ki, 30-31 oktyabr tarixlərində baş tutan aksiya çərçivəsində TƏBİB və Milli Onkologiya Mərkəzinin peşəkar həkim briqadaları tərəfindən Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün müxtəlif sahələr üzrə tibbi xidmətlər göstərilib.

Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayında “Onkoloji xəstəliklərin skrininq” layihəsi çərçivəsində sakinlərə 900-ə yaxın tibbi xidmət göstərilib.
 

TƏBİB-in tabeliyində fəaliyyət göstərən müxtəlif tibbi müəssisələrinin həkimləri tərəfindən vətəndaşlara kardioloji, pediatrik, terapevtik və nevroloji tibbi xidmətlər göstərilib, xəstəlik aşkarlanan şəxslərə müvafiq müalicələr təyin olunub. Digər xəstəliklər və ağırlaşmalar müəyyən olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.


Milli Onkologiya Mərkəzinin mütəxəssisləri şişönü və şiş xəstəliklərinin erkən diaqnostikası məqsədilə vətəndaşların şikayətləri əsasında Səyyar Diaqnostik Kompleksdə onların USM, rentgen, ginekoloji və mammoqrafiya müayinələrini həyata keçirib. Xəstəlik riski olanlar isə tam yoxlanış və müalicə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib.
 

Aksiyanın təşkilində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaş və könüllüləri də yaxından iştirak edib. Onlar vətəndaşların məlumatlandırılması və qeydiyyatını, müayinələr zamanı növbəliliyin təmin olunmasını və digər təşkilati işləri həyata keçirib.


Qeyd edək ki, layihə xəstəliklərin erkən diaqnostikası, vaxtında dəqiq müayinə və müalicəsinin aparılması, eyni zamanda öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə icra edilib.


Bizim.Media

Seçilən
97
50
bizim.media

10Mənbələr