ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mümkün qələbəsi Avropanın Amerika hakimiyyətindən asılılığını azaldacaq...
Poliqon xəbər verir ki, bunu "RİA Novosti" Agentliyinə sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından Bundestaqın deputatı Şteffen Kotre bildirib.
Parlamentarinin sözlərinə görə, Tramp daha çox daxili siyasətə diqqət yetirir. Kotre xatırladıb ki, Ağ Evin keçmiş rəhbəri müharibələrə başlamayan azsaylı ABŞ prezidentlərindən biridir.
"Müşahidələrimə görə, o, digər dövlətlərlə qarşıdurmada o qədər də maraqlı deyil", deyə deputat qeyd edib.
O ümid etdiyini bildirib ki, Tramp Ukrayna və Rusiya arasında müharibəyə son qoyacaq, buna görə də Avropa və Almaniyanın işlərinə daha az qarışacaq. Bunun sayəsində Aİ öz gücünü artıra biləcək. Kotre qeyd edib ki, bu gün gündəmdə olan əsas məsələ ABŞ-dan azad olmaqdır.
Bu arada, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi MSNBC telekanalına müsahibəsində bildirib ki, prezident seçkilərində Donald Tramp qalib gəlsə, onun qəfil ölümü halında ölkəyə onun vitse-prezident namizədi Ceyms Di Vens rəhbərlik edəcək.
Pelosi Trampa səs verməyi planlaşdıran seçicilərə müraciət edib. Onun sözlərinə görə, Tramp "beyin fəaliyyətinin pisləşməsi" səbəbindən dörd il prezident postunda qala bilməyəcək. Pelosi əlavə edib ki, əgər Vens Trampın yerini tutsa, bu, ölkə üçün dəhşətli nəticə olacaq.
Onun fikrincə, respublikaçı namizədin təxribat xarakterli ritorikası onun koqnitiv qabiliyyətlərinin azalması ilə əlaqələndirilir.
Poliqon.info