ABŞ-də 60-cı prezident seçkiləri keçiriləcək
Bu gün ABŞ-də 60-cı prezident seçkiləri keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, amerikalılar prezident və vitse-prezidentlə yanaşı, 33 senatoru, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hökumətləri seçməli olacaqlar.
Ağ Ev uğrunda mübarizədə Respublikaçılar Partiyasından keçmiş prezident Donald Tramp, Demokratlar Partiyasından isə indiki vitse-prezident Kamala Harris mübarizə aparacaq. Vitse-prezidentlik üçün mübarizə isə respublikaçılardan Ohayo senatoru Ceyms Devid Vans, demokratlardan isə Minnesota qubernatoru Tim Vals arasında keçəcək.
Son aylarda hər iki namizəd fəal şəkildə təbliğat aparıb. Hətta onlar bir-birilərinə qarşı kəskin hücumlardan da çəkinməyib. 78 yaşlı Tramp Harrisi təcrübəsiz olmaqda ittiham edir və onun siyasətini “radikal sol” adlandırır və onun seçilməsinin ölkədə “sosialist dönüşü”nə səbəb olacağını iddia edir. Buna cavab olaraq, 60 yaşlı Harris respublikaçı Trampın demokratiya üçün təhlükə yaratdığını deyir və onu seçki sisteminə etimadı sarsıtmağa çalışmaqda ittiham edir.
Prezident seçkilərində qalib gəlmək üçün namizəd Seçicilər Kollegiyasının 538 üzvündən 270-nin dəstəyini almalıdır ki, bu da hər bir ayrı ştatda səsvermənin nəticələri ilə müəyyən edilir.
Kollegiya üzvlərinin sayı senatorların (100) və Nümayəndələr Palatasının üzvlərinin (435) ümumi sayına uyğundur. Bura həmçinin Kolumbiya dairəsindən üç nümayəndə daxildir.
Artıq 78 milyondan çox amerikalı poçt vasitəsilə səs verib ki, bu da seçici fəallığının yüksək olduğunu göstərir.
Son illərdə amerikalılar get-gedə daha çox erkən səs verirlər. Lakin poçtla göndərilən bülletenlərin çoxluğu səslərin hesablanmasında xeyli gecikmələrə səbəb ola bilər.
Belə ki, Ohayo və Nevada kimi bəzi ştatlar 5 noyabrdan sonra bir neçə gün ərzində seçki günündən əvvəl poçtla göndərilən bülletenləri qəbul edəcək. Kaliforniyada isə poçtla göndərilən bütün bülletenlərin hesablanmasının noyabrın 15-dək davam edəcəyi gözlənilir. Bütün bunlar isə nəticələrin rəsmi elanını gecikdirə bilər.
Qanuna görə, dekabrın 19-dək seçkilərin nəticələri ştat səviyyəsində rəsmi şəkildə təsdiq olunmalıdır. 2025-ci il yanvarın 6-da isə Seçicilər Kollegiyasının nəticələri Konqres tərəfindən təsdiq edilməlidir.