AZ

Beynəlxalq tədbirlər məkanında COP29

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar

Güclü və qüdrətli Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə, qlobal layihələrin təşkilatçısına çevrilib. Ölkəmizdə dünyanı daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların, tədbirlərin təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa əsaslanan forumların təşkili Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Məhz belə beynəlxalq tədbirlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər. Xüsusən də iqtisadi cəhətdən bu tədbirlərin təşkili çox faydalıdır.Çünki ölkəmizə gələn hər bir qonaq respublikamızda yatırımlar üçün əlverişli şəraitin və imkanların olmasını, eyni zamanda sabitliyin hökm sürdüyünün şahidinə çevrilirlər. Artıq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın ev sahibliyi etməsinə saylı günlər qalıb. Azərbaycanda hazırlıq işləri geniş vüsət alıb. Ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır. Hazırlıq işləri çərçivəsində tamamlanma işləri gedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.

Dövlətimizin başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi "Nizami" Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar. Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.

Dövlətimizin başçısı və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.

Digər ölkələrin və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olublar, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar. Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksəksəviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib.

PLANETİN ƏN ÇOX AZARKEŞ TUTUMUNA MALİK 50 ARENASI SIRASINDA

Bildiymiz kimi, dövlətimizin başçısı bir neçə gün bundan əvvəl də bu məkanda olmuş, ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olmuşdur. Dövlətimizin başçısı Media Mərkəzinə də baxmışdı. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Konfransın işıqlandırılması üçün ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu da planetin ən çox azarkeş tutumuna malik 50 arenası sırasına düşüb. Tutumu 69 min 870 nəfər göstərilən BOS dünyada 45-ci nəhəng stadiondur. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunları keçirilib.

Bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər diqqətdə saxlanılıb. 8 hektar ərazidə Yaşıl Zona qurulub. Qeyd edək ki, Bakı Olimpiya Stadionu Azərbaycandakı ən böyük stadiondur. 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Məkan Azərbaycan Futbol Komandasının oyunlarına və konsertlərə ev sahibliyi edir. AVRO-2020 Avropa Çempionatının qrup və final mərhələsinə ev sahibliyi edib. 2019-cu ildə burada UEFA Avropa Liqasının finalı keçirilib. Bakı Olimpiya Stadionu aralarında "Allianz Arena", "Aviva Stadium", "Nou Kamp" və "Santyaqo Bernabeu" kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

COP29-A HAZIRLIĞIN SON MƏRHƏLƏSİ

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir". Dövlətimizin başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını bildirib.

Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi edəcəkdir. Beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan COP29-un təşkili baxımından üzərinə düşən vəzifəni layiqincə yermək məqsədi ilə tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərin önündə olmasına sadiqliyini nümayiş etdirən strateji addımdır. COP29-a hazırlıqla bağlı isə Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli fürsət və böyük məsuliyyətdir. COP29-a hazırlıq sürətlə aparılır. Ölkəmizdə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında müxtəlif təşkilatlar tərəfindən təşkil olunan təlimlər də xüsusi rol oynayır.

COP - İQLİM DƏYİŞİKLİYİ İLƏ MÜBARİZƏDƏ DÜNYANIN ƏN ƏHƏMİYYƏTLİ TƏDBİRLƏRİNDƏN BİRİ

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - deyə Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdır. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Rəsmi mənbələrin məlumatına istinadən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Azərbaycan alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsidir və yaşıl enerjiyə keçidə yönəlmiş innovativ yanaşmaların tətbiqi üzrə regionda liderdir, iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə ciddi töhfə verir.

COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki, bu, Azərbaycanın lokal antiterror tədbirlərindən iki ay yarım sonra verilib. Bu isə dünya ictimaiyyətinin Azərbaycanın atdığı addımlara dəstəyindən xəbər verir. Bildirək ki. SOP28 ötən il Dubayda keçirildi, bu il isə dünyanın gözü COP29-a ev sahibliyi edəcək Bakıda olacaqdır. Bütün dünya ölkələrinin dövlət rəhbərləri bir araya gəlib iqlim dəyişikliyi ilə bağlı məhz Bakıda həll yolları axtaracaqlar. Bu ölkəmiz üçün, onun enerjisi, geosiyasəti üçün son dərəcə vacib bir toplantı kimi əhəmiyyət daşıyacaqdır. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanırdı. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı prioritet sahə kimi qəbul etdiyini bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə təqdiminə böyük təkan verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
55
41
sesqazeti.az

10Mənbələr