UEFA-nın bayrağı altında bu həftə keçiriləcək avrokubok oyunlarından əvvəl İspaniyada daşqın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Bu həftə UEFA-nın klub yarışlarında bütün oyunlar Valensiyada ölümcül daşqın qurbanlarının, regionda və ondan kənarda zərər çəkənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq”, - deyə UEFA-nın bəyanatında bildirilir.
İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində 200-dən çox insan həyatını itirib. Ölkədəki vəziyyətlə əlaqədar bir neçə dəfə İspaniya kubokunun oyunları təxirə salınıb.