Şəki və Oğuz rayonları ərazisində yerləşən Əlicançay su anbarında tikinti işlərinin yerinə yetirilməsi üçün hazırlıq işləri tamamlanıb.
Publika.az xəbər verir ki, bununla yanaşı, göl ərazisinin təmizlənməsi, dib suburaxanının xəndəyinin, bənd özülünün, gil, qum-çınqıl karxanalarının üst qatının və sel sutullayıcısının qazma işləri davam edir.
Qeyd edək ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.
Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən təsdiq olunan tədbirlər planına əsasən bir sıra layihələr uğurla həyata keçirilir.