1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şərq və Qərbin unikal birləşməsi olan qədim şəhərin - Bakının küçələri çoxdan müxtəlif özünüifadə formaları üçün meydana çevrilib. Onlardan ən parlaq və mübahisəli olanlardan biri qraffitidir. Qədim məscidlər və qala indi cəsarətli rəsmlər və qəliz yazılarla örtülmüş rəngarəng fasadlarla kontrast təşkil edir. Bunları hasarlarda, binaların divarlarında və hətta tərk edilmiş obyektlərdə görmək olar. Burada strit-art (müasir şəhər incəsənətinin istiqaməti. Bura qraffiti, posterlər, trafaretlər, quraşdırmalar daxildir - red.) sadəcə incəsənət deyil: bu, gənclərin şəhərin tarixi və mədəniyyəti ilə dialoqu, sürətlə dəyişən dünyada öz kimliyini bəyan etməyin özünəməxsus üsuludur.
Maraqlıdır ki, Bakı qraffitisi Avropa və Amerika üslublarından fərqli xüsusiyyətlərini qoruyub saxlayır. O, əsasən milli mədəniyyət və digər ənənəvi motivlərdən ilhamlanıb ki, bu da ona təkrarolunmaz kolorit verir. Bakıda küçə incəsənətinin inkişafı şəhərin mədəni həyatının bir hissəsinə çevrilir, onun ritmini, sosial problemlərini və unikal gələcək baxışını əks etdirir.
Şəhər mədəniyyətinin bu yeni dövrü hələ də mübahisə mövzusu olaraq qalır: kiməsə görə bu vandalizm aktıdır, kiməsə görə açıq səma altında qeyri-formal qalereyadır. Amma yalnız bir şey dəqiqdir ki, qraffitiyə biganə qalmaq mümkün deyil.
Urban mədəniyyətinin bu qolu ilə daha yaxından tanış olmaq üçün mən işlək yoldan nəzərə çarpmayan, lakin içəridə əlvan rənglərlə dolu olan Bakı həyətlərindən birinə yollandım. Bu məqalənin qəhrəmanlarını gözləyərkən, fotojurnalistlə kəşfiyyata, yəni əraziyə baxış keçirməyə çıxdıq. Həyətdə yapon üslubunda çəkilmiş qaban, "aerodrom" papağında və qırmızı mokasində göyərçin və onu qovan "qaqaş", Odri Hepbern, əlbəttə ki, çoxlu teqlər (teqqinq - qraffitinin bir növüdür, müəllifin imzasının hər hansı səthə, çox vaxt ictimai yerlərdə sürətlə çəkilməsindən ibarətdir - red.) və bir çox başqa şeylər gördük.
Strit-art dünyasına bələdçilərim "Urban Art Azerbaijan" birliyinin üzvləri, rayterləri (qraffiti çəkən rəssamlar - red.) "Tovaich295", "Gore 103", "Kojo" və "NE100" oldular. Biz gənclərin əsl adlarını açıqlamamağa söz verdik, öz növbələrində onlar bizə tamamilə fərqli üslubda iki qraffitinin yaradılmasını müşahidə etməyə və suallarımızı cavablandırmağa icazə verdilər.
"Barbi", qoğallar və milli motivlər
Rayterlərin kətan kimi seçdikləri köhnə pilləkənin məhəccərində oturarkən məni öz yaradıcılıqlarının incəlikləri ilə tanış etməyə başladılar.
"Qraffitinin iki tərəfi var - biri küçə, çirkli və kobud, digəri təmiz, parlaq və səliqəlidir. Vandalizm və incəsənət arasında balansın qorunması - qraffitinin bütün mahiyyəti bundadır. Biri digəri olmadan mövcud ola bilməz", - hip-hop aktivisti, "Urban Art Azerbaijan"ın təsisçisi "NE100" qeyd edir.
"Elə yerlər var ki, orada çəkmək olmaz, amma çəkmək istəyirsən", - deyə "Gore 103" bildirib: "Gecə işə çıxmaq və "xarabalıqlarda" yaratmaq məcburiyyətində qalırsan. Amma artıq orada da polislər tuturlar".
Geyimlərin kastomizasiyası ilə məşğul olan digər rayter "Kojo" alternativ haqqında danışdı: "Qaraj tapırsan, sahibi ilə razılaşırsan və irəli. Avropada isə başqa praktika mövcuddur. "Legal-walls.net" saytı var, "Google Maps" kimi bir platformadır, orada müxtəlif ölkələrdə leqal divarlar qeyd olunub".
"Gore 103"ün sözlərinə görə, biz olan həyətdə rayterlərə xüsusi irad tutmurlar: "Bundan əvvəl burada başqa rəsm var idi. Dağılan divarı təmir edəndə ətrafı rəngləyiblər, amma qraffitinin özünə toxunmayıblar".
Doğrudan da, mən qraffitinin yaradılması prosesini müşahidə edərkən, yerli sakinlər yanımızdan keçirdilər. Bir çoxları maraqla rəsmlərə baxır və hətta razılıqlarını bildirirdilər.
"Təəccüblüdür ki, müsbət reaksiya verirlər, çünki buna ("Tovaich295"in rəsmini göstərir) baxırlar. Amma bunu (öz rəsmini göstərir) görəndə başqa reaksiya olur. Onlar başa düşmürlər və dərhal başlayırlar: "sən etdiyin düz deyil, pis şeylər çəkirsən" və s.", - deyə "Gore 103" qeyd edir.
"İnsanlar müxtəlifdir və əlbəttə ki, vəziyyətlər də müxtəlif olur", - "NE100" hesab edir: "Kimsə aqressiya göstərə bilər, belə vəziyyətlərdə biz insana başa salmağa çalışırıq ki, zərər vermirik. Axı, ilk növbədə, aqressiya baş verənləri başa düşməməkdən yaranır. Çox vaxt həqiqəti çatdırmaq alınır, əks halda biz dönüb gedirik. Aqressiyaya aqressiya ilə cavab vermək qətiyyən bizim qarşılıqlı əlaqə üsulumuz deyil".
"Tovaich295" məhz Azərbaycan mədəniyyətindən ilham alır: "Məndə hər şey Bakı və milli motivlərlə bağlıdır. Bu yaxınlarda "Barbi" kuklalarını balonlarla (aerozol boyası ilə - red.) rəngləyib kətana yapışdırdım. Bir də oxşar oğlan çəkib yazdım ki, "Qoğal özünsən". Bu həyətdə bir də "Kurlık kurlık" işi var. Amma əsasən hər şey yerli koloritlədir".
O hesab edir ki, belə özünəməxsus strit-art xariciləri də maraqlandıra bilər: "Bizdə bu hələ o qədər inkişaf etməyib, ona görə də yerli koloritli qeyri-adi işlər mütləq diqqət cəlb edəcək".
Azərbaycanda qraffitinin inkişafı üçün əsas problemlərdən biri - rəsm çəkmək üçün leqal divarların çatışmazlığıdır. Bir çox rəssamlar cərimələnmək riski ilə qeyri-qanuni çəkməyə məcburdurlar. Şəhər hakimiyyəti tərəfindən xüsusi fasadların ayrılması küçə incəsənətinə təkan verə bilərdi.
"Qeyri-qanuni işlərin sayı azalmamalıdır, eləcə də qanuni işlərin sayı, genişlənmə bütün istiqamətlərdə getməlidir", - "NE100" qeyd edir: "Deyə bilmərəm ki, hökumət tərəfindən bizə doğru ciddi qərarlar var. Tək-tük kommersiya sifarişləri hesaba alınmır. Biz hələ də leqal divarlara və böyük fasadlara ehtiyac duyuruq. Üstəlik rəssamlarımız çoxdan ciddi layihələrə hazırdır".
Amma Bakı rayterlərinin əsas arzusu - qraffitinin incəsənət kimi tanınmasına nail olmaqdır. "Hip-hop mədəniyyətinə dövlət tərəfindən dəstək qazanmağa kömək etmək istəyirik ki, heç bir maneə olmasın", - "Tovaich295" deyir. O, Bakıda rəssamların, rəqqasların və musiqiçilərin yaradıcılıq üçün öz leqal məkanının olacağı urban parkın yaradılacağına ümid edir: "Bu, həm görməli yer, həm də müəyyən mədəniyyət mərkəzi olardı. Həm ölkəyə yaxşıdır, həm də bizə yaxşıdır, heç kim mane olmayacaq".
"Qraffiti və hip-hop mədəniyyətinin inkişafına rəsm çəkmək üçün leqal divarların olması təkan verə bilər. Kimsə qeyri-qanuni çəkməyi üstün tutur, bunun öz cazibəsi var. Amma xeyli sayda rəssam var ki, belə yanaşma onlara xoş gəlmir. Onların istedadı qiymətlidir və hansısa təklifləri və sifarişləri gözləməklə məcburi olaraq tənəzzül edir. Leqal divar bu problemi həll edərdi və bir çoxlarına cərimələnmək riski olmadan özünü sınamaq şansı verərdi. Bunda yalnız hakimiyyət nümayəndələri kömək edə bilərlər", - "NE100" qeyd edir.
Hələlik bu arzu reallıqdan uzaqdır. Amma Bakı rayterləri təslim olmur və şəhəri bəzəməyə davam edir, darıxdırıcı şəhər mənzərələrinə həyat və rənglər əlavə edirlər.
"Sən keçirsən və boz divara baxmırsan, rəsmə baxırsan. Və dərhal elə gəlir ki, o canlıdır, onda hansısa ruh var, mesaj var", - "Tovaich295" izah edir.
Bəlkə də nə vaxtsa bu mesaj eşidiləcək və Azərbaycanda qraffiti əsl incəsənət statusu qazanacaq. Kim bilir, bəlkə də məhz köhnə həyətlərin divarlarındakı bu cəsarətli şəkillər müasir Azərbaycan mədəniyyətinin yeni üzü olacaq.
Rufina Abdullayeva