AZ

Medianın İnkişafı Agentliyində Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Medianın İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam Min Sonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentlikdən Day.Az-a bildirilib ki, səfərin əsas məqsədi Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə birbaşa əlaqələrin qurulması, gələcəkdə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarının müzakirəsi və bu istiqamətdə aidiyyəti qurumlarda görüşlərin təşkilindən ibarət olub.

Görüş zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatı barədə qonaqlara ətraflı məlumat verib, Azərbaycan ilə Vyetnam arasında tarixən mövcud olan dostluq münasibətlərinin son illər ərzində sürətlə inkişaf etdiyini, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində, xalqlarımızın məlumatlandırılmasında media subyektlərinin böyük rolu olduğunu diqqətə çatdırıb.

Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam Min Son isə qeyd edib ki, müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı hər iki ölkənin media sektoru üçün yeni imkanlar və çağırışlar yaradıb, bu səbəbdən media sahəsində əməkdaşlığın qurulması və birgə təlimlərin təşkili, eyni zamanda, jurnalistlərin peşəkar bacarıqlarının artırılması vacib əhəmiyyət daşıyır.

Görüşdə gələcəkdə birgə tədqiqat layihələrinin və konfransların təşkili, media sahəsində müasir tədris metodlarının tətbiqi və peşəkar təlim proqramlarının hazırlanması, müştərək addımların atılmasına dair təkliflər irəli sürülüb.

Seçilən
31
5
day.az

6Mənbələr