AZ

Türkiyə COP29-da 2053-cü ilə qədər ətraf mühit hədəflərini açıqlayacaq

NTV telekanalı Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Türkiyənin gözləntiləri və hədəfləri barədə tamaşaçılara bəhs edib.

AZƏRTAC xəbər verir ki, xəbər kanalının reportajında Ankaranın COP29-da açıqlanacaq Türkiyənin uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni yol xəritəsinin işlənib hazırlamasından bəhs olunur.

Reportajda qlobal iqlim dəyişmələrinin bəşəriyyət üçün ciddi sosial və iqtisadi nəticələrinə diqqət çəkən Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Xəlil Hasarın rəyi yer alıb.

O, ötən il Dubayda keçirilmiş COP28 sessiyasının nəticələrini xatırladıb, bu sessiya çərçivəsində enerji sektorunun ətraf mühitə təsiri ilə bağlı fəal müzakirələrin aparıldığını vurğulayaraq deyib: “COP29-un əsas gündəliyi isə Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) qəbul edilməsi, yəni, iqlim maliyyələşdirilməsi məsələsi olacaq”. Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri inkişaf etmiş ölkələrin iqlim məqsədləri üçün inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayırmaqla bağlı öhdəliklərini xatırladıb.

Onun fikrincə, Bakıda COP29 çərçivəsində müzakirələr daha fəal və uzunmüddətli olacaq ki, bu da NCQG-nin qəbul edilməsi ilə bağlıdır.

“Gələcək nəsillərə ekoloji cəhətdən daha sağlam bir planet buraxmalıyıq. Bu, bizim borcumuzdur. Bu məqsədə çatmaq üçün bütün imkanlardan istifadə etmək vacibdir. Türkiyə bu istiqamətdə aktiv addımlar atmağa hazırdır”, - deyən professor Xəlil Hasar dövlətlərin bəyan etdiyi ekoloji öhdəliklərin kağız üzərində qalmamasının vacibliyini vurğulayıb.

Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri bildirib ki, COP29 çərçivəsində ölkə pavilyonunda çoxsaylı panel müzakirələri və digər tədbirlər keçiriləcək. Bu tədbirlərdə, həmçinin Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır tullantı” layihəsi ilə bağlı fikir mübadiləsi də aparılacaq.

“Azərbaycanda keçiriləcək iqlim sammitində Türkiyə ən yüksək səviyyədə təmsil olunacaq. Ankaranın 2053-cü ilə qədər atmosferə zərərli tullantıları sıfıra endirmək hədəfləri nəzərə alınmaqla Türkiyənin uzunmüddətli iqlim dəyişmələri strategiyasının yol xəritəsi açıqlanacaq”, - deyən X.Hasar COP29-un son dərəcə dolğun olacağına əminliyini ifadə edib.

Professor fikrincə, belə bir mühüm qlobal tədbirin qardaş Azərbaycanda keçirilməsi Türkiyənin üzərinə tədbirdə var qüvvəsi ilə iştirak etmək məsuliyyəti qoyur.

Seçilən
18
8
yeniazerbaycan.com

10Mənbələr