AZ

Yurgen Henn: “Azərbaycan millisi başqa qrupda olsaydı…”

Estoniya yığmasının baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Estoniya yığması sabah UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.

Qəbələdə baş tutacaq bu qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Yurgen Henn bunları dilə gətirib:

“Uzun səfərin oyunumuza hansısa təsiri olacağını düşünmürəm. Hər şey yaxşıdır. Planları yaxşı həyata keçirmişik. Qonaqpərvərliyi xüsusi qeyd etmək istəyərdim. Çox yüksək səviyyədə təşkil olunub. Hər zaman olduğu kimi, Azərbaycanda hər şey yaxşıdır”.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

– İlk matçda Azərbaycana qalib gəldiniz. Sizin kimi gənc məşqçi Avropa çempionu olmuş Fernando Santosu məğlub etdi. Bu qələbədən sonra Estoniyada sizə münasibət necə oldu?
– Bu haqda heç vaxt düşünməmişik. Önəmli olan komandanın performansıdır. Əlbəttə, Fernando Santosa qarşı oynamaq mənim üçün böyük qürur idi.

– Azərbaycanda belə təəssürat var ki, D Liqasına düşsək, faciə olacaq. Bəs Estoniyada fikirlər necədir?
– Məncə, hər yerdə belədir. Hər komanda istəyər ki, daha yüksək liqada çıxış etsin. Aşağı liqaya düşsək, bizdə də faciə sayılacaq. Amma onu da nəzərə alaq ki, digər qruplarla müqayisədə bizim qrup çətin idi. Həm biz, həm də Azərbaycan millisi başqa qrupda olsaydı, fərqli nəticə ola bilərdi. Əvvəl-axır kimsə D Liqasına düşməlidir.

Estoniya millisinin müdafiəçisi Maksim Paskoçi də matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini paylaşıb:

“Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik. Bizə lazım olan sadəcə futbol meydançası və topdur. Kənar amillərin bizə təsir edəcəyini düşünmürəm.

Mən üzərimə düşəni etmişəm, rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır”.

Qeyd edək ki, Azərbaycan – Estoniya qarşılaşması sabah – noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.

Seçilən
29
1
arena.az

5Mənbələr