Hazırda iqlim dəyişmələrinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi əsas şərtlərdən biri qismində çıxış edir.
Sözügedən məsələ ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində də xüsusi diqqət mərkəzində yer alır. Azərbaycanın bu xüsusda yaratdığı uğurlu nümunəyə də COP29 müstəvisində yüksək maraq ifadə olunur.
Qeyd edək ki, Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkələr sırasında yer alır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cüil üzrə hesabatına əsasən, Azərbaycan 2014-2023-cü illər ərzində “Yaşıl enerji” ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb. Sənədə görə, 2023-cü ildə respublikada hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatıb. Hesabat dövründə külək enerjisinin gücü 2014-cü ildəki 3 meqavatdan 2023-cü ildə 67 meqavata, günəş enerjisi 2 meqavatdan 282 meqavata yüksəlib. “Yaşıl enerji”nin digər hissəsi isə bərk bioyanacaq, bərpa olunan tullantılar, bioqazla işləyən güclərdən alınan bərpaolunan ehtiyatın payına düşüb. Azərbaycanın enerji sistemində bərpaolunan enerji mənbələrinin, o cümlədən su elektrik stansiyalarının payı 2014-cü ildəki 15,2 faizdən 2023-cü ilin sonuna 20,3 faizə yüksəlib. Qarşıdakı 5 ildə bu göstərici 30 faizə çatacaq. Bərpa edilən enerji hasilatı ilə yanaşı, Azərbaycan onun ixracı məsələsinə də xüsusi diqqət edir, yeni təşəbbüslər irəli sürür. Bu fonda COP29 Sədrliyi tərəfindən beynəlxalq iqlim konfransının Enerji Günü çərçivəsində COP29-un enerji təşəbbüsləri üzrə nazirlərin görüşü xüsusi diqqət cəlb edir. Tədbirdə üç mühüm enerji təşəbbüsü – COP29 qlobal enerji saxlama və şəbəkələr vədi, COP29 yaşıl enerji vədi: Yaşıl enerji zonaları və dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi rəsmi olaraq təqdim edilib. Məlumat üçün bildirək ki, COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 qiqavat gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. Bu vəd bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq edərək qlobal enerji sistemlərinin dayanıqlılığını təmin etmək məqsədinə xidmət edir.
COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğundur və iqtisadi inkişafı təşviq edir, resurslardan səmərəli istifadəni dəstəkləyir.
Hidrogen haqqında COP29 Bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır. Bu təşəbbüs, yaşıl iqtisadiyyata keçid prosesində qlobal bazarı stimullaşdırmaq və beynəlxalq standartların inkişafına dəstək vermək məqsədini daşıyır. Qeyd olunan xüsusda energetika naziri Pərviz Şahbazov bildirib: “Dünyanın iqlim və enerji yolunda taleyüklü bir mərhələyə daxil olduğu bir vaxtda, Azərbaycanın yaşıl enerji zonaları, yaşıl enerji dəhlizləri, enerji saxlama, şəbəkə infrastrukturu və hidrogen sahəsindəki təşəbbüsləri qlobal iqlim hədəflərinə çatmaq üçün həlledici rol oynayır. Bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəltməklə yanaşı, genişmiqyaslı ötürmə, uzaq potensial enerji mənbələrinin istehlak mərkəzləri ilə əlaqələndirilməsi, enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyə inteqrasiyası ilə qlobal miqyasda təmiz enerjinin inkişafını sürətləndirmək üçün unikal imkanlar yaradır. COP29 hər birimizi bu öhdəliklərə qoşulmağa, enerji keçidimizi və iqlim fəaliyyətimizi gücləndirməyə və dünyamız üçün davamlı bir gələcək qurmaq naminə birliyə çağırır. Gəlin, COP29-u əlamətdar bir dönüş nöqtəsinə çevirək və qlobal iqlim və enerji səylərimizi yeni zirvələrə qaldıraq”.
COP29 çərçivəsində qlobal səviyyədə enerji sektorunun karbonsuzlaşdırılması səylərinə dəstək məqsədilə hazırlanmış və qlobal iqlim hədəflərinə uyğun olaraq istixana qazı tullantılarının azaldılmasını hədəfləyən bu təşəbbüslər bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən IRENA, IEA, UNIDO, UNECE və UNESCAP ilə əməkdaşlıq çərçivəsində formalaşdırılıb. Hazırda ölkəmizdə yaşıl enerjidən istifadənin genişləndirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq layihələri, o cümlədən dənizdə külək enerjisi üzrə Yol Xəritəsi, elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi və bərpaolunan enerji ixracı planları, yaşıl enerjinin Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı, enerji keçidi, enerji effektivliyi, yaşıl hidrogen, elektromobillik və digər məsələlər haqqında danışıqlar aparılır. Ümumiyyətlə, yaşıl inkişaf və qlobal iqlim hədəflərinə uyğun olaraq layihələrin vaxt itirmədən və səmərəli şəkildə həyata keçirilməsi məsələsi daim diqqətdə saxlanılır. Bu istiqamətdə beynəlxalq əməkdaşlıq Azərbaycana yeni üstünlüklər qazandırır.
Nahid SALAYEV