AZ

ASAN könüllülərinin COP29 çərçivəsində reallaşdırdığı ekoloji layihəsi başa çatıb (FOTO)

"ASAN Könüllüləri" Təşkilatının ölkəmizdə keçirilən "Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası"nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində reallaşdırdığı "Könüllülərin ekoloji düşərgəsi" layihəsi başa çatıb.

Olaylar xəbər verir ki, sosial təşəbbüs Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılıb.

Bağlanış mərasimi COP29 ərazisinin Yaşıl Zonasında baş tutub.

Tədbir çərçivəsində reallaşdırılan panel sessiyada iqlim dəyişikliyinin cəmiyyətimizə təsiri və həll yolları haqqında danışıqlar aparılıb.

Sessiyada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident yanında Vətəndəşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Nazilə Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova, Özbəkistan Könüllü Assosiasiyasının direktoru Şirin Abidova və qurumun İdarə heyətinin üzvü Laziz Nigmanov çıxış ediblər.

Layihənin hesabat videoçarxı da izlənilib və iştirakçılar təəssüratlarını bölüşüblər.

Ümumilikdə 30-dan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatə edən layihənin məqsədi gənclərin diqqətini iqlim dəyişikliyinin təsirinə və həllinə cəlb etmək, bilik və bacarıqların gücləndirilməsinə təşviq etmək olub. Eləcə də könüllülük sahəsi üzrə ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirmək, ətraf mühitin qorunması istiqamətində atılan addımlarda gənclərin iştirakçılığını artırmaq əsas hədəflər idi.

Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ekoloji həll yolları hazırlayıb və peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak ediblər. Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları ilə zənginləşdirilmiş proqram iki ölkənin mədəni irsini əks etdirən tədbirlərlə davam edib.

Düşərgənin ilk 2 günü "Türk dünyasının gənclər paytaxtı"Lənkəran şəhərində baş tutub.

ASAN könüllülləri ictimaiyyətin diqqətini ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə "Yaşıl ASAN" ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə, 100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

ASAN

ASAN

ASAN

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
10
olaylar.az

10Mənbələr