Müharibənin 2025-ci ilin sonuna bitəcəyini iddia etmək real deyil
“Tramp artıq ABŞ rəhbəri kimi proseslərə yanaşmalıdır. Yəni Ağ Evin Rusiyaya qarşı təzyiqləri davam edəcək”
"Co Bayden başda olmaqla, hakimiyyətdən gedən ABŞ administrasiyası Ukraynadakı münaqişəni qızışdırmaqda davam edir". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kremlin sözçüsü deyib ki, Vaşinqtonda hakimiyyətdən gedən administrasiya bu münaqişə ətrafında gərginliyi daha da qızışdırmaq üçün atəşə yağ tökmək üçün addımlar atmaq niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiyanın dərinliklərinə zərbələri Ukrayna deyil, yalnız Qərb ölkələri endirə bilər: "Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbə endirmək qərarı ilə bağlı yaranmış vəziyyətin əsas təhlükəsi bu zərbələri Ukrayna deyil, yalnız Qərb dövlətlərinin həyata keçirməyə qadir olmasıdır". Kreml rəsmisi Ukraynadakı münaqişənin dondurulma ehtimalından danışıb. Bildirib ki, Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir: “Döyüş xətti boyunca bir növ dondurma variantı, əlbəttə ki, Rusiya tərəfi üçün apriori qəbuledilməzdir. Belə olan halda, Prezident Putin tərəfindən formalaşdırılan iyun şərtləri öz aktuallığını tam saxlayır. Döyüşləri dayandırmaq üçün bunu etmək lazımdır”. Peskov Amerika mətbuatında Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı məlumatları da şərh edib. Onun sözlərinə görə, Kreml indiyədək hələlik ancaq Qərb mediasında ABŞ-nin Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə verməsi ilə bağlı nəşrləri görüb. Rusiya o mövqedən çıxış edir ki, "ATACMS" raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir: “Əgər belə bir qərar həqiqətən verilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və ABŞ-nin bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”. Rusiya parlamentinin deputatı Mariya Butina deyib ki, ABŞ Prezidenti Co Baydenin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya ABŞ silahlarından istifadəyə icazə verməsi, üçüncü dünya müharibəsi riski yaradır: “Bayden administrasiyası hələ iqtidardadır, görünür, bu müddətdə vəziyyəti maksimuma çatdırmağa çalışır. Mənim böyük ümidim var ki, Donald Tramp bu qərarın öhdəsindən gələcək. Çünki bu, heç kimin marağında olmayan Üçüncü Dünya müharibəsinin başlaması riski yaradır”.
Politoloq Azər Niftiyev "Sherg.az"a deyib ki, Rusiya-Ukrayna müharibəsi əslində, Rusiya ilə ABŞ və onun müttəfiqləri - Qərb koalisiyası arasında gedən savaşdır. Ekspert bildirib ki, Rusiya ötən əsrin 80-90-cı illərində əldə edilmiş Varşava paktına əməl edilməsini tələb edirdi:
"Baş diplomat Sergey Lavrovun da bununla bağlı bəyanatı var idi. O, Rusiyanın təhlükəsizliyinə təminat istəyirdi. Məhz bundan sonra Ukraynaya hücumlar başladı. Qərb dövlətləri Rusiyanın Ukraynaya hücum edəcəyini açıq şəkildə bəyan edirdilər. Vurğulayırdılar ki, onlar bu müharibədə yer almayacaqlar. Sanki məqsəd Rusiyanı Ukraynaya qarşı müharibəyə sövq etmək idi. Rusiya hərbi müdaxiləyə başlayandan sonra Moskvaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edildi. Rusiyanın iqtisadi baxımdan dünyadan təcrid edilməsi prosesinə start verildi. Amma nəticə göstərdi ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Rusiyanı iqtisadi yöndə çökdürmək mümkün deyil. Hətta BRICS fonunda, eləcə də digər anti-Qərb koalisiyasının toplaşdığı təsisatlarda belə Rusiya liderlik edir. Qərbin Ukrayna üzərindən Rusiyanı təhrik etməsi anti-Qərb koalisiyasının vahid cəbhədə birləşməsi ilə nəticələndi. Xüsusən, bu hadisələr Donald Tramp hakimiyyətini Co Baydenin əvəzləməsindən sonra geniş vüsət aldı. Tramp hətta o zaman bunun yanlış yanaşma olduğunu bəyan edirdi. Qeyd edirdi ki, Bayden ABŞ-nin hegemonluğunu heçə endirəcək. Əslində, Tramp öz proqnozlarında haqlı idi".
Analitik vurğulayıb ki, Trampın yenidən hakimiyyətə gəlməsində Ukrayna amilinin də mühüm rolu olub: "Trampın hansı addımlar atacağı, prosesə hansı rakursdan yanaşacağı barədə də qəti söz demək mümkün deyil. Çünki o artıq ABŞ rəhbəri kimi proseslərə yanaşmalıdır. Yəni Ağ Evin Rusiyaya qarşı təzyiqləri davam edəcək. Amma bu təzyiqlərin miqyasının yüksək olacağı qənaətində deyiləm. Müharibənin 2025-ci ilin sonuna bitəcəyini iddia etmək olmaz. Savaş uzana da bilər. Ancaq müharibənin əsas fazasının yaxın gələcəkdə bitəcəyinə şübhə etmirəm. Artıq Ukrayna və Rusiya kifayət qədər tükənib. Qərb koalisiyasının davamlı hücumları Rusiyanı çökdürməsə də, xeyli zəiflətdi. Moskva məhz bu itkiləri kompensasiya etmək üçün anti-Qərb koalisiyasını gücləndirir. Ələlxüsus Rusiyanın Çin, Hindistan və İran arasında əməkdaşlığı artırması da bununla bağlıdır. BRICS-in gəlirləri yaxın üç ildən sonra Qərb koalisiyasında təmsil olunanların gəlirlərini üstələyəcək".
A.Niftiyev hesab edir ki, yanvarın 20-dən, yəni ABŞ prezidentinin andiçmə mərasimindən sonra Tramp Administrasiyası Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində aktiv fəaliyyətə başlayacaq: "Nəticədə bu proses gərgin mərhələdən yumşaq fazaya keçid edəcək. Amma yenə deyirəm, münaqişənin sülh sazişi ilə bitəcəyi də inandırıcı görünmür. Müharibədə kifayət qədər qurbanlar vermiş tərəflərin asanlıqla kapitulyasiyaya, güzəştlərə gedəcəyi inandırıcı deyil. ABŞ Rusiyaya qarşı təzyiqi daha çox Qara dəniz hövzəsi ölkələri, postsovet məkanı üzərindən etməyə çalışırdı. Ukrayna da bunun bariz nümunəsidir. Gürcüstanda keçirilən son seçkilərin nəticələri, region ölkələrinin müstəqil siyasət kursu bir daha göstərdi ki, bölgə xalqları ABŞ və onun müttəfiqlərinin çirkin oyunlarına alət olmaq istəmir".