AZ

Ukrayna ordusu artıq taqətdən düşüb  - ŞƏRH

Rusiya qazandı

Trampın hakimiyyətə gətirdiyi şəxslərin hamısı anti-Ukrayna mövqeyində olan şəxslərdir


  Ukrayna Silahlı Qüvvələri Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə ilk dəfə zərbə endirib. Məlumatda qeyd olunub ki, müharibənin başlamasından 33 ay sonra Ukrayna Britaniyadan aldığı bu qabaqcıl silah növünü Rusiya ərazisini vurmağa tətbiq edib. Britaniya Nazirlər Kabinetinin sözçüsü məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və alyansın Rusiyaya qarşı müharibəyə girməsi anlamına gələcək. Onun sözlərinə görə, NATO-da bunu anlamırlar: “Başa düşmürəm, bəlkə də, onlar anlamırlar ki, NATO kontingentinin Ukrayna ərazisində peyda olması alyansın ölkəmizə qarşı müharibəyə girməsi anlamına gələcək. Biz bu barədə onlara dəfələrlə demişik. Axı bu, təkcə Avropa üçün deyil, bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da xəbərdarlıq edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliyinə doğru Birləşmiş Ştatlar raketləri ilə zərbələrə icazə verməsi müharibənin miqyasını genişləndirə bilər: “Biz bu qərarı nə düzgün hesab edirik, nə də təsdiqləyirik. Ukrayna-Rusiya müharibəsi başlayandan bəri bunun daha çox silah, qan və göz yaşı ilə yox, sülh səyləri, xoşməramlılıq və diplomatiya ilə bitə biləcəyini düşünürük. İndi müharibəni alovlandırmaq və heç vaxt bitməməsini, hətta yayılmasını təmin etmək üçün bir həmlə kimi şərh edilə bilən bir addım cənab Baydendən gəldi. Onun bu addımı nəinki münaqişəni gərginləşdirəcək, həm də Rusiyanın daha böyük reaksiyasına səbəb olacaq. Cənab Putin ölkəsinin ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı da təsdiqləyib. Bütün bunlar region və dünyanı yeni və böyük müharibənin astanasına gətirə bilər. “Məndən sonra tufan qopsun” anlayışı ilə heç yerə gedə bilməzsən”. Prezident Ərdoğan Kiyev və Moskvadan gözləntilərini də açıqlayıb: “Bizim gözləntimiz və arzumuz odur ki, Ukrayna və Rusiya təxribatlara boyun əymədən, sakitliyi qoruyub saxlasınlar, sülhə diqqət etsinlər. Bu böyük səhvin əsasında yaradılan zəmində ən kiçik səhv və təxribatlara qapılmaq barıt çəlləyinə od atmaq kimi olacaq. Ona görə də hər kəsə diqqətli olmağı tövsiyə edirəm”.
  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, ABŞ birbaşa olmasa da, dolayı yolla Rusiya-Ukrayna müharibəsində ən vacib aktorlardan biridir. Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsi, əslində, ABŞ və Rusiya arasında gedən savaşdır: 

"Sadəcə olaraq bu müharibə Ukrayna ərazisində gedir. Demokratlar öz funksiyalarını sonadək yerinə yetirməyiblər. Bayden Administrasiyası üzərlərinə düşən funksiyanı axıra kimi icra etməliydi. Demokratlar düşünürdü ki, onlar hakimiyyətdə qalacaqlar və bu və ya digər yollarla müharibə uzanacaq. Rusiyanın daha da əldən düşməsi üçün addımlar atılacaq. Ancaq seçkilərdə Donald Tramp qalib gəldi və yanvarın 20-də, yəni andiçmə mərasimindən sonra hakimiyyəti ələ alacaq. Demokratlar və onların arxasında duran hərbi koorporasiyalar, müharibədə daha radikal mövqe tutan şəxslər düşündülər ki, artıq Rusiya ərazisinə ağır silahlarla, raketlərlə hücuma razılıq verməyin vaxtıdır. Ukrayna ordusu artıq taqətdən düşüb. Onlara impuls, ruh yüksəkliyi vermək lazımdır. Bu da ATACMS ballistik raketlərinin Ukraynaya göndərilməsi idi. Hərçənd, bu raketlər müharibənin aqibətini dəyişməyəcək".
  Analitik vurğulayıb ki, Trampın Baydenlə xarici siyasətdə mövqeləri eynidir: "Həm Demokratların, həm də Respublikaçıların məqsədi Rusiyanı zəiflətməkdir. Sadəcə buna yanaşmalarda tərəflər arasında fərqlər var. Hədəf Avropa ilə Rusiyanı yaxınlaşmağa qoymamaq, Moskvanı gücləndirməməkdir. Tramp açıq şəkildə deyir ki, onların əsas məqsədi Çini zəiflətməkdir. Belə təqdirdə ATACMS raketlərini alan Ukrayna ordusu ümid edirsə ki, ABŞ Rusiyanı həqiqətən tam taqətdən salmaq, zəiflətmək, parçalamaq istəyir, çox yanılırlar. Əksinə, Çinlə bağlı siyasətdə Rusiyanın mövqeyinin Avropadan daha çox nəzərə alınmasını gələcəkdə görə bilərik. Reallıq odur ki, ABŞ və Rusiya yanvarın 20-dən sonra düşmən olmayacaqlar, müttəfiq də olmayacaqlar. Sadəcə olaraq ABŞ Rusiyadan istifadə edərək Avrasiyada bu və ya digər şəkildə öz maraqlarını qorumağa çalışacaq". 
  Z.Məmmədov əlavə edib ki, ABŞ daxilində dünyanın gələcəyi ilə bağlı müəyyən qruplar arasında mübarizə gedir: "Trampın hakimiyyətə gətirdiyi şəxslərin hamısı anti-Ukrayna mövqeyində olan şəxslərdir. Onlar hər zaman Ukraynanın müdafiə edilməməsini, maliyyənin azaldılmasını tələb edənlər olub. Çünki onlar vaxtı ilə Demokratlardan Respublikaçılar partiyasına transfer olunan adamlardır".

Seçilən
31
50
sherg.az

10Mənbələr