AZ

Böyük Britaniya COP29 sədrliyinin "Baku Harmoniya" təşəbbüsünü alqışlayır - Nazir

Böyük Britaniya COP29 sədrliyinin "Baku Harmoniya" təşəbbüsünü alqışlayır.

Olaylar xəbər verir ki, bunu Böyük Britaniyanın ətraf mühit naziri Meri Kriq "COP to COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinə nail olmağın açarı" mövzusunda keçirilən tədbirdə deyib.

"Biz sağlam və dayanıqlı ərzaq sistemlərinin yaradılması üçün zəruri şərt olan su təhlükəsizliyinin təmin olunmasına investisiya etməliyik. Bununla yanaşı, siyasətlərdə islahatlar aparmalı və subsidiyaları insanların, iqlimin və iqtisadiyyatların xeyrinə yönəltməliyik.

Hökumətlər hər il kənd təsərrüfatı və ərzaq sektoruna milyardlarla dollar dəstək ayırır. Lakin mövcud siyasətlərin çox vaxt ətraf mühitə zərər verən və hətta ərzaq və qidalanma təhlükəsizliyini, iqtisadi artımı və dolanışıq mənbələrini zəiflədə biləcək arzuolunmaz stimullar yaratdığına dair sübutlarımız var.

Mən BƏƏ bəyannaməsi çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün əməkdaşlıq etməyi və, həmçinin, COP30 sədrliyi dövründə Braziliyanın kənd təsərrüfatı və iqlim dəyişiklikləri üzrə gündəliyi liderliklə idarə edəcəyinə ümid edərək, onunla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.

Nəhayət, mən COP29 sədrliyinin məqsədlərimizi uyğunlaşdırmaq və onların birgə təsirini gücləndirmək məqsədinə yönəlmiş "Baku Harmoniya" təşəbbüsünü alqışlayıram", - deyə Meri Kriq qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
1
olaylar.az

3Mənbələr