AZ

Cənubi sudanlı nazir: Təbii fəlakətlər ölkəmizdə 3 milyondan çox sakinin həyatına təsir edib

Cənubi Sudan 2019-cu ildən güclü daşqınlardan əziyyət çəkir və təbii fəlakətlər ölkənin 3 milyondan çox sakininin həyatına təsir edib.

“Report” xəbər verir ki, bunu ölkənin ətraf mühit və meşə təsərrüfatı naziri Cozefin Nqoya COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, iqlim fəlakətləri daxili köçkünlüyə və dolanışıq vasitələrinin itirilməsinə səbəb olub.

“Quraqlıqlar, ekstremal istilər, istilik dalğaları, qeyri-müntəzəm yağışlar məhsul çatışmazlığına və bunun nəticəsində əhalinin 60 faizdən çoxunun ərzaq təhlükəsizliyindən məhrum olmasına səbəb olub”, - C.Nqoya qeyd edib.

Nazir bildirib ki, Cənubi Sudan iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələrdən biridir və bu təsirlərə uyğunlaşma xalq və hökumət üçün prioritetdir. "Lakin adekvat iqlim maliyyəsi olmadan bu prioritetə nail olmaq mümkün deyil. Buna görə də COP29-da yeni kollektiv kəmiyyət hədəfi razılaşdırılmalı, yeni həcm trilyonlarla dollar olmalı, yeni fondlara çıxış mexanizmləri sadələşdirilməlidir", - o vurğulayıb.

C.Nqoya İtki və Zərər Fondunun davamlı kapitallaşdırılmasını və əməliyyatlaşdırılmasını sürətləndirməyə çağırıb. “Qlobal istiləşməni 1,5 dərəcə Selsi həddində məhdudlaşdırmaq üçün inkişaf etmiş ölkələri və iri emitentləri öz ambisiyalarını artırmağa və istixana qazı emissiyalarını azaltmağa çağırırıq”, - nazir əlavə edib.

Seçilən
39
2
report.az

3Mənbələr